AZ

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümün püşkatma mərasimi keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə bu idman növü ilə bağlı maarifləndirici videoçarx təqdim olunub.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov ölkə idmanının yüksək səviyyədə inkişaf etdiyini bildirib. "Paris-2024" Yay Olimpiya Oyunlarında qazanılan uğurları xatırladan qurum rəhbəri əldə edilən nailiyyətlərə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edib. Onun sözlərinə görə, hədəfə çatmaq üçün infrastruktur və sponsorların olması vacib amildir. Ş.Bağırov milli komandalara yeni voleybolçular yetişdirmək, eləcə də klubların inkişafı yolunda mühüm addımlar atdıqlarını bildirib.

Daha sonra kişi və qadın voleybolçular arasında ölkə çempionatlarının püşkü atılıb və ilk turda üz-üzə gələcək komandalar müəyyənləşib.

Qadınlar

I tur

"Gəncə" - "Abşeron"

“Milli Aviasiya Akademiyası” - “Azərreyl"

"Murov Az Terminal" - UNEC

Kişilər

I tur

"Murov Az Terminal" - MOİK -

"Neftçi" - "Azərreyl"

"Gənclər" - "Xilasedici"

Qeyd edək ki, oyunlar (ev-səfər prinsipi ilə) 2 dövrədən ibarət olmaqla dairəvi sistemdə keçiriləcək. Birinci dövrənin yekununa əsasən, ilk 4 yeri tutan komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin matçları bir görüşdən ibarət olacaq.

Seçilən
25
azertag.az

1Mənbələr