AZ

Hadrutun azad olunmasından 4 il ötür: “Dünya hərb tarixinə qızıl ...”

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Məhz Hadrutun azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Qeyd edək ki, döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəlib. 

Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.

Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb.

Bununla da qəsəbə və qeyd olunan kəndlər düşmən tapdağından azad olunub. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sor kəndləri də düşmən işğalından azad olunub.

Milli Məclisin deputatı Elman Məmmədov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ordumuzun Hadrutda erməni işğalçıları üzərindəki qələbəsi daim yaddaşlarda qalacaq:

“Azərbaycan Ordusunun Hadrutun azad olunması uğrunda əməliyyatı dünya hərb tarixində qızıl hərflərlə yazılacaq bir əməliyyatdır. 

Həmin ərazinin yüksəkliklərində erməni işğalçıları çox möhkəm səngərlər yaratmışdılar. Ermənilər ordumuzun qarşı tərəfdən hücum edəcəyini gözləyirdilər.

Amma ordumuz başqa bir istiqamətdən, yəni ermənilərin heç ağıllarına gəlmədiyi yerdən hücum etdilər. Bir-iki saat ərzində baş verən qızğın döyüşlərdə erməni işğalçıları məhv edildi və Hadrut işğaldan azad olundu.

Döyüşlər zamanı erməni işğalçıları xeyli sayda itki verdilər və bir qismi də silahlarını atıb qaçdılar. Hadrut əməliyyatı ordumuzun xüsusi hərbi elminə yiyələndiyini nümayiş etdirdi.

Hadrut uğrunda, eləcə də Qarabağın azad edilməsi uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram. Onlara təşəkkür edirəm ki, döyüşlərdə qərhramanlıq və igidlik göstərdilər”. 

Seçilən
18
42
cebheinfo.az

10Mənbələr