AZ

Tarixə yazılan gün – 9 oktyabr ŞƏRH

Həmin gün Cənab İlham Əliyevin növbəti müddətə Prezident seçildiyi gündür

Kimsəyə sirr deyil ki, hər bir ölkənin, xalqın beynəlxalq miqyasda tanınmasında, nüfuzunun artmasında, davamlı nailiyyətlər əldə etməsində, həmçinin, qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlik amilinin xüsusi yeri və rolu mövcuddur. Çünki lider o şəxsiyyətə deyilməlidir ki, rəhbərlik etdiyi dövlətin, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, gerçəkləşdirir, cəmiyyətin enerjisinin səfərbər edilməsi ilə vətəndaşların taleyində əhəmiyyətli reallığa çevrilir. Belə ki, bu cür liderlərin mövcudluğu təbii ki, xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına zəmin yaratmış olur. Ancaq daha bir fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Və nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı İlham Əliyev Liderliyi dövrünü yaşayır!

Məhz bu mənada, vurğulamaq yerinə düşərdi ki, Azərbaycan xalqını ağrılı-acılı günlərdən çıxarmış, ölkədə sabitliyin yaranmasında qətiyyətli mövqeyini ortaya qoymuş və bunu əldə etmiş Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz 9 oktyabr 2013-cu il tarixində keçirilən növbəti prezident seçkiləri də Azərbaycanda ictimai-siyasi fəallığın kifayət qədər yüksək olduğunu təsdiqləyən tarixi gün. Həmin gün kütləvi şəkildə seçki məntəqələrinə axışan xalqımız öz seçimini etdi və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Bununla, Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Bütün sivil, demokratik, dünyəvi ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki prosesinə hər zaman böyük ictimai maraq göstərilir. 9 oktyabr prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının gedişində prezident seçilməyə iddialı namizədlərin ictimai-siyasi fəaliyyətinin ciddi təhlil olunması, qiymətləndirilməsi, prinsipcə, arzuolunan və təqdirəlayiq haldır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə keçirilən bütün seçkilərdə olduğu kimi, 2013-cü ildə keçirilən seçkilərdə də, çox fəal iştirak edərək, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevə səs verdilər. Bütün bunlar, ölkəmizin tərəqqisi, inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Xalqın bu ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirdi.

Aydındır ki, populyarlığına, reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən Yeni Azərbaycan Partiyasının siyasi qüvvə kimi ölkədə real və ciddi alternativi yoxdur. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində, birmənalı şəkildə, böyük səs çoxluğu ilə layiqli qələbə qazanıb. Odur ki, 9 oktyabr seçkilərində qazanılan növbəti möhtəşəm qələbə, məntiqi qanunauyğunluq kimi, Yeni Azərbaycan Partiyasının ardıcıl qələbələr seriyasını tamamlayır. Bu seçkilərdə partiyanın növbəti böyük, inamlı qələbəsi xalqın böyük dəstəyi, seçicilərin mütləq əksəriyyətinin, məhz Yeni Azərbaycan Partiyasının namizəd İlham Əliyev Cənablarına səs verməsi sayəsində əldə edilib. Partiyanın inamlı qələbə qazanmasında Yeni Azərbaycan Partiyası namizədlərinin uğurla həyata keçirilən təbliğat-təşviqat kampaniyası, seçicilərlə qurulan fəal, səmimi ünsiyyət də mühüm rol oynayıb. Seçkilərə "İLHAMLA İRƏLİ!" şüarı ilə qatılan YAP, ölkənin aparıcı siyasi təşkilatı kimi, Azərbaycanı tərəqqiyə və rifaha aparan alternativsiz ictimai-siyasi qüvvə olduğunu qazandığı inamlı qələbə ilə təsdiqləyib.

"Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyə tarixi bəyanat vermiş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Ötən illərin nəticələri və yekunları, bir daha sübut edir ki, Onun rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir. Bu kontestdə qeyd etmək istərdim ki, bəli, Azərbaycan xalqının gələcəyi daha parlaq, daha işıqldır!

Artıq 21 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. 21 ildən artıqdır ki, Azərbaycan xalqının rifahına, təhlükəsizliyinə və gələcək inkişafına müsbət töhfələrini verən Ulu Öndər Heydər Əliyev siyasəti müstəqil dövlətimizin xalqımızın tarixi nailiyyətinə çevrilməsinə əsas yaradıb. Çünki uzun illər, əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz son illərdə Ulu Öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müstəqil xarici siyasət yürüdən, regionun lider ölkəsi olan və dünya miqyasında əhəmiyyətli faktor rolunu alan dövlətin sahibinə çevrilib.

Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası, ilk növbədə, sosial-iqtisadi sahənin inkişafını təmin edib. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq, sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin, ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin bazis komponenti olan iqtisadi inkişafın təmin edilməsi, bütövlükdə, sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Bütün bunlar isə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına da xüsusi töhfələr verib. Bu, həqiqətən də, belədir. Belə ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Eyni zamanda, hal-hazırda Azərbaycanın Avropanın təhlükəsizliyində önəmli yer alması, güclü iqtisadi potensialın daha da qüdrətlənməsi bu amili ehtiva etməkdədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də, məhz ölkəmiz çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq, heç bir subyektdən asılı olmadığını da təsdiq edir.

9 oktyabrda növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi. Dövlətimizin başçısı qarşıdakı illərdə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. Prezident İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində isə yenə də onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı. Və 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq yenə də düzgün seçim etdi. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkədə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 1 milyon 600 min yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı.

Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi, Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. 2017-ci ildə isə Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici amil olduğunu bir daha təsdiqlədi. Bu illərdə Azərbaycan, həm də Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Taxtakörpü su anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail oldu.

Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını yüksək səviyyədə qəbul etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan cəmiyyətinin tolerantlığı belə mühüm tədbiri həyata keçirmək üçün siyasi iradəyə, iqtisadi qüdrətə və zəruri infrastruktura malik ölkəmizin sahib olduğu güclə vəhdət təşkil etdi. Azərbaycan qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təqdim etmək üçün mühüm beynəlxalq arena qazandı. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq olan ölkə olduğunu sübuta yetirdi. Bununla da güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu, çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır.

Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Mən yazımın sonunu məhz Prezident İlham Əliyev Cənablarının kəlamı ilə biritmək istərdim. Dövlət başçıımız tarixi çıxışlarının birində vurğulayıb ki, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilib: "Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz var. Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir. Bu mövqe prinsiplər üzərində qurulub. Beynəlxalq hüquq və ədalət - bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır. Bizim üçün bu, belədir. Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur".

Cənab Prezident həmçinin vurğulayıb ki, Azərbaycan öz siyasətinə sadiqdir: "Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz".

Bəli, məhz belədir! Azərbaycanın müasir tarixi iki qüdrətli Liderin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir». Bəli, bu gün Azərbaycan xalqı ilk olaraq öz Liderinə arxalanır, Ona öz tükənməz inamını izhar edir. Ona görə də bu gün müstəqil, güclü, qətiyyətli və qürurlu Azərbaycan dövləti yaşayır və yaşadılır. Xalqımız isə məhz öz sevimli Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisində inamla irəliləyir. BU YOL İSƏ ƏBƏDİ VƏ DÖNMƏZDİR! Və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək. Və bu gün bir daha böyük qürur və fəxarətlə deyirəm: Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır. Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!

ZƏRİFƏ QULİYEVA

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri

Seçilən
31
sesqazeti.az

1Mənbələr