AZ

"Tələbələrə gündəlik xərclərində dəstək olmaq lazımdır" — Sosioloq

Yaxın günlərdə Azərbaycanda istifadəyə veriləcək “Vahid tələbə kartı” gözləntiləri doğrultmur. Kartın bir sıra üstünlükləri olsa da ən zəruri xərc olan ictimai nəqliyyatda gedişhaqqı məsələsində hələ ki, tələbələrə güzəşt nəzərdə tutulmayıb. 

Məsələyə sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında münasibət bildirib. 

L.Mehralının fikrincə, gediş haqlarının yüksək  olması bu gün tələbələrin büdcəsinə mənfi mənada böyük təsir edir:  

“Gözlədiyimiz o idi ki, ilk növbədə ictimai nəqliyyatda tələbələrin üstünlüyü tanınsın. Çünki bu gün ölkədə gediş haqqı tələbələrin cibinə uyğun deyil, eləcə də bir çox insanın. Minimum əməkhaqqı alan şəxs həftə ərzində ictimai nəqliyyata 7-12 manat civarında pul xərcləyir. Bu da ayda 50 manatdan yuxarı məbləğ edir. Gün ərzində bir neçə dəfə avtobusdan, metrodan istifadə etməli olan insanlar var. Tələbələrin heç də hamısı şəhərin mərkəzində yaşamır, uzaqdan gələnlər var, bir neçə avtobus, stansiya dəyişən var. Kirayə qalanlar kifayət qədərdir, onsuz da kirayə xərci onlara xeyli çətinlik yaradır. 

Tələbə hər gün özünə yeni geyim almır, kafe, restoranda yeyib-içmir, heç buna imkanı da yoxdur. Öncə ictimai nəqliyyatda onlara güzəşt edilməli idi, çünki tələbənin ən çox buna ehtiyacı var. Bu da təəssüf ki, baş vermədi. Gələcəkdə ehtimal var, amma bu günün reallığı göz önündədir. Bir ailədə bir neçə tələbə övlad ola bilər, gediş haqqı bu zaman daha da böyük xərcə çevrilir. Tələbələrə gündəlik xərclərində kömək olmaq lazımdır”. 


Törə Zeynallı
Demokrat.az
Seçilən
38
demokrat.az

1Mənbələr