AZ

Zəngəzur dəhlizi uğrunda qlobal savaş ən aktiv fazaya keçdi- İran qarşı duran tərəflərdən biridir...

Image

Ermənistan 2020-ci ildə Bakı, İrəvan və Moskvanın imzaladığı üçtərəfli bəyanatdan “formal olaraq” imzasını geri götürmür. Eyni zamanda, il yarıma yaxındır ki, regionda kommunikasiyaların açılmasına dair üçtərəfli işçi qrup çərçivəsində heç bir irəliləyiş yoxdur. Belə bir açıqlama ilə Rusiya baş nazirinin müavini Aleksey Overçuk çıxış edib. 

Overçuk onu da qeyd edib ki, bölgədə iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür: “Ermənistan üçtərəfli bəyanatdan  formal olaraq çıxmayıb və imzasını da geri götürməyib. Lakin eyni zamanda, artıq iki ildir ki, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun cığırında, demək olar ki, keçən yaydan bəri, ən azı bir il yarım heç bir hərəkət yoxdur”. Overçukun dediklərindən belə bəlli olur ki, regionda kommunikasiyaların açılması prosesində Rusiyanın iştirakı zəruridir. Bura Zəngəzur dəhlizi də daxildir. Qeyd edək ki, Rusiya bu dəhlzin məhz onun nəzarəti altında açılmasını istəyir. ABŞ başda olmaqla, Qərb ölkələri isə əks mövqe sərgiləyərək dəhlizə özlərinin nəzarətini istəyirlər. Beləliklə də Zəngəzur dəhlizi üzərində Rusiya ilə Qərbin daha kəskin rəqabətinin başlandığı müşahidə olunur. Xatırladaq ki, ki, 2021-ci il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada keçirilən görüşündə regional kommunikasiyaların bloklanmasına dair razılıq əldə olunub. Üç ölkənin baş nazirinin müavinləri səviyyəsində işçi qrup yaradılıb ki, bu qrup regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması ilə məşğul olmalıdır. Bundan əvvəl Aleksey Overçuk bildirib ki, Rusiya Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsipləri əsasında Cənubi Qafqazda kommunikasiyaların bloklanması prosesinə hər zaman köməklik göstərməyə hazırdır. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bunlar fonunda maraqlı bir açıqlama verib. Belə ki, Peskov Rusiya liderinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərində Zəngəzur dəhlizi mövzusunun müzakirə olunub-olunmadığına dair sualı cavablayıb: “Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna, yəqin ki, toxunulub. Putin onların hər biri ilə ayrı-ayrılıqda üz-üzə danışıb. Üstəlik, prezident yarım saat oturub, ona görə də, mütləq ki, fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizi mövzusuna da toxunulub". Hazırda görünən odur ki, proseslərin necə getməsindən asılı olmayaraq, Kreml 10 noyabr Bəyanatının 9-cu, sonuncu maddəsinə uyğun olaraq regionda kommunikasiyaların açılmasında və kommunikasiya xəttinə nəzarət etməkdə maraqlıdır. Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionla bağlı əsas prioritetlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Çünki perspektivdə Zəngəzur dəhlizinin açılması regional əməkdaşlıq mühitinin təmin olunması baxımından mühüm rol oynayır. Bu, nəinki regional, həm də qlobal əhəmiyyətli layihədir. Təsadüfi deyil ki, bir çox geosiyasi aktorlar da Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir.

Hazırda prosesə Ermənistan əngəl yaradır və bu məsələdə hələ də İrandan dəstək almaqda davam edir. İran Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” olaraq görməkdə və bu məsələyə qarşı çıxmaqda davam edir. Bu fonda Cənubi Azərbaycandan olan  politoloq Teoman Aktan qeyd edir: “İranda Zəngəzur koridoruna verilən təpkilər, bir də, türk bölgələrində, Azərbaycanda olan aydınların bu məsələyə verdiyi təpki var. İstər islahatçı qanaddan olsun, istər mühafizəkar qanaddan, yerli aydınlar bu layihənin gerçəkləşməsinin necə bölgənin rifahına fayda gətirməsi baxımından məsələni diqqətə alırlar. Amma mərkəz aydınları məsələyə çox fərqli yöndən yanaşır. İnkaredilməz bir gerçəklik var ki, İranın Azərbaycan bölgəsində Quzey Azərbaycanla olan bir kültür və dil yaxınlığı var və bu yaxınlıq mərkəz aydınlarının gözündən bir təhdid kimi görünür”. Politoloqun sözlərinə görə, İran Azərbaycanında yerli aydınlar və siyasətçilər Azərbaycan və Türkiyənin iqtisadi anlamda böyümələrinin bölgə xalqının yararına olduğunu düşünürlər: “Yerli aydınların gözündən mənim oxuduğum qədəri ilə bölgədəki ölkələrin rifah anlamında, iqtisadi anlamda böyüməsi bir təhdid kimi deyil, tam tərsi, bölgənin tamamının rifahına yararlı ola biləcək bir durumdur. İstər Azərbaycan Cümhuriyyəti olsun, istər Türkiyə Cümhuriyyəti, bunların iqtisadi anlamda böyüməsi eyni zamanda qısa müddətdə İranın şimal bölgələrinin iqtisadiyyatı və və yaşam staandartlarının yüksəlməsində faydalı olacaq. Dolayısı ilə yerli aydınlar ilə mərkəz aydınları məsələyə çox fərqli yerdən baxırlar. Onun üçün Zəngəzur koridoru məsələsində də İranın içindən çox fərqli səslər eşidirik. Zəngəzur koridorunun regional barışa fayda verəcək şəkildə bir mexanizmə çevrilməsi lazimdir. Bu da siyasətçilərin iradəsindən, məsələyə sağlam düşüncə ilə yanaşmalarından, eləcə də, bölgədəki vətəndaş cəmiyyəti quruluşlarının, medianın, düşüncə insanlarının bu fürsəti doğru-düzgün dəyərləndirmələrindən asılıdır”. 

Qeyd edək ki, Rusiya da İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə qarşı çıxır.

Ramil QULİYEV





Seçilən
43
baki-xeber.com

1Mənbələr