AZ

Azərbaycanda monoqrafiyası olmayan alimlər- nazir çox həssas yerdən tutdu...

Image

Məhərrəm Zülfüqarlı: “Saxta diplomlu alimlərə qarşı tədbir görülməlidir, amma görülmür”

“Elmi dərəcə insanın alim olduğunu bildirmir. Alim olmaq üçün elmi nailiyyət olmalıdır”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, elmin imitasiyası yox, elmin özü lazımdır. “Əsas problem odur ki, elmi dərəcəsi olub, elmi nailiyyəti olmayan insanlara alim deyirik. Biz onlara “sən alim deyilsən” deməyə utanırıq.

Ümumilikdə isə elmi məqalələrin sayı artır. Bu bizi sevindirir. Nazirlik olaraq, elmi nəticələrə görə əlavə mükafatların verilməsinə başladıq. Bu proses hələ başlanğıcdır. İlkin mərhələdə bu səhv addım kimi görünə bilər və tənqid oluna bilərik. Lakin biz hardansa başlayıb addım atmalı, həvəsləndirici tədbirlər görməli idik”,- deyə nazir bildirib.

Əslində, nazir çox aktual məsələni qaldırıb, elm sahəsini başına götürmüş saxta diplomlu alim problemini bir daha gündəmə gətirib. 

Çox təəssüflər olsun ki, hazırda saxta yollarla alimlik dərəcəsi, professor adı alanlar da az deyil. Məsələn, elələri var ki, alimlik dərəcəsi alıb, amma bir dənə monoqrafiyası belə çap olunmayıb. Yaxud monoqrafiya kimi çap olunmayan dissertasiyaların olduğu haqda tez-tez eşidirik. 

Nazirin bu çıxışından sonra saxta yollarla elmi titul, alimlik diplomu alanlardan bu elmi adlar alına bilərmi? Nazir özü dedi ki, elmi dərəcə insanın alim olduğunu bildirmir. Azərbaycan elmində də o qədər elmi dərəcəsi olan, amma elmi nəticəsi olmayan, hələ Sovet ideologiyasının məftillərində ilişib qalan, yeniliyə düşmən kəsilənlər var. Bu gün “aliməm”, “elmi dərəcəm var” deyənlərin sayı çoxdur. Bunların attestasiyası da keçirilsəydi yaxşı olardı, bununla da kimin  əsl alim, kimin isə saxta alim olduğu üzə çıxardı. 

“Azərbaycan elmində proteksiya da, yerlibazlıq da, rüşvət də var”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nazirin fikri ilə mətbuatdan tanışdır. “Nazirin belə bir sözü var ki, elmi dərəcə insanın alim olduğunu bildirmir. O fikir müsbət qarşılanmalıdır ki, alim tək diploma görə deyil, əldə etdiyi elmi nəticələrə, yazdığı əsərlərə görə tanınmalıdır. Azərbaycan elmində proteksiya da, yerlibazlıq da, rüşvət də var. Saxtakarlıq və rüşvətlə alimlik dərəcəsi alanlara, əlbəttə ki, alim demək olmaz. Alim daim yazmalı, yaratmalı, dərsliklər, kitablar, monoqrafiyalar çap edib nəticə göstərməlidir. Bu fikirlə razıyam.

Bir məsələ maraqlıdır ki, nazirin özünün elmi dərəcəsi yoxdur. Yəni elm və təhsil nazirinin özünün elmi dərəcəsinin olmaması belə bir fikrə əsas verir ki, başqalarından nümunə gözləyən nazir özü nümunə göstərməlidir. İlk növbədə özü elmi işlə məşğul olub elmi dərəcə almalıdır və sonra digərlərini tənqid edə bilər. Ona görə də, elm sahəsində olan neqativ halları tənqid etməklə yanaşı, nazir özü də öz üzərində işləməlidir. Ən azı, doktoranturaya qəbul olub, mövzu götürüb elmi işlə məşğul olub, elmi nəticə göstərməklə özünü doğrultmalıdır. Belə olarsa, bəli, onun elmi dərəcəsi olanlar, alimlər haqqında tənqidi fikir deməyə mənəvi haqqı ola bilər. Amma magistratura təhsilli nazirin elmlər doktorları, professorlar, elmlər namizədləri, dosentlər haqqında tənqidi fikir bildirməsi, neqativ halları səsləndirməsi müsbət olsa da, o öz üzərində işləməli, ən azı elmi dərəcə almalıdır. Yəni elm və təhsilə rəhbərlik edən bir şəxsin elmi dərəcəsi olmalıdır ki, sonradan başqalarını da tənqid edə bilsin”.

M.Zülfüqarlı hesab edir ki, bu gün saxta yollarla alimlik dərəcəsi alanlara şərait yaradanlar var. 

M.Zülfüqarlı bildirdi ki, saxta alimlərlə bağlı mübarizə aparılmalıdır və onların aşkarlanması üçün komissiya yaradılmalıdır. “Saxta diplom alan şəxslərlə bağlı SSRİ dağılandan sonra təxminən 1992-ci ildə Rusiyada bir komissiya yaranmışdı. Bizdə də Milli Elimlər Akademiyasında belə bir komissiya yaransa da, məlum olmayan səbəblərdən komissiyanın işi dayandı. Sonra nə açıqlama, nə də hesabat verən, nə də bu işin arxasınca gedən oldu. O vaxt Rusiyadan həm ali təhsil, həm də elmi dərəcə ilə bağlı çoxlu sayda diplomlar alanlar oldu. Onun da qarşısını alan olmadı. Müasir dövrdə də bu məsələ aktualdır. Proteksiya, rüşvət, korrupsiya kimi halların olması nəticəsində xüsusən də bir sıra adamlar vəzifədə olarkən başqalarına dissertasiya yazdırmaqla elmi adlar alıblar, vəzifədən çıxandan sonra isə hansısa bir ali məktəbdə kafedra müdiri olurlar, vəzifə tuturlar. Belələri kal armud olub əsl elmlə məşğul olanların boğazına keçirlər. Belə problemlər çoxdur.

Saxta diplomlu alimlərə qarşı tədbir görülməlidir, amma görülmür. Dediyim kimi, saxta diplomlarla bağlı komissiya yaradıldı, amma ondan sonra ortaya heç nə çıxarılmadı. Yəqin ki, o komissiyanı təşkil edənlərin marağında olmadığı üçün bu məsələnin kökünə gedilmədi. İndi də bu məsələ aktualdır, indən sonra lap aktual olacaq”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA





Seçilən
22
baki-xeber.com

1Mənbələr