AZ

Moskvada üçtərəfli Əliyev-Putin-Paşinyan görüşünü kim pozdu...

Image

Əli Orucov: "Baş nazir Nikol Paşinyan Fransanın və ABŞ-nin ciddi təzyiqləri altındadır və ona Paris və Vaşinqtondan kənar iştirakçılıqdan imtina göstərişi verilib"

Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi. Amma bu görüş baş tutmadı.

Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin həlli üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Uşakov əvvəlcə belə bir fikrin olduğunu, lakin bəzilərinin(?) onu dəstəkləmədiyini deyib. Onun sözlərinə görə, Rusiya bu formata etiraz etməyib.

Əslində bu görüş Azərbaycan və Ermənistandan daha çox Moskvaya lazim idi. Çünki Putin yenidən göstərmək istəyirdi ki, hələ də bölgədə onun nüfuzu üstün mövqelərdədir - tərəfləri bir araya gətirə bilir. Lakin Bakı və İrəvan arasında sülh sazişinin layihəsi razılaşdırıla bilmədiyindən, tərəflər arasında ciddi fikir ayrılıqları olduğundan, bu iki liderin bir araya gəlməsi tərəflər üçün elə ciddi əhəmiyyətə malik deyildi. Bununla belə, Azərbaycan tərəfinin bu formatda görüşdən imtina etməsinə əsasli heç bir səbəb yoxdur.

Amma hər halda, bu görüşün baş tutmaması cəmiyyətdə maraq doğurur. Ermənistan bu görüşə niyə razı olmadı?

Ortaya çıxan sualları cavab tapmaq məqsədilə politoloq Əli Orucovun fikirkərini öyrəndik.

Siyasi şərhçi bizimlə söhbətində bildirdi ki, Rusiyada MDB dövlət başçılarının sonuncu toplantısında prezident Putinin vasitəçiliyi ilə İlham Əliyev-Nikol Paşinyan görüşünün olacağı barədə informasiyalar səsləndirilsə də bu baş vermədi: "Bu formatda görüş nəticəsindən asılı olmayaraq münasibətlərin nizamlanması üçün yaxşı bir fürsət idi. Ümumiyyətlə, istənilən platformalarda və formatlarda Ermənistan-Azərbaycan rəsmilərinin təmasları irəliyə doğru zəmin yarada bilər. Lakin görünən odur ki, erməni baş nazir Nikol Paşinyan prezident İlham Əliyevlə görüşlərdən qaçır. Xatırlayırsızsa, Birləşmiş Krallıqda Siyasi Liderlərin Zirvə toplantısında da Paşinyan Azərbaycan prezidenti ilə təkbətək və Londonun vasitəçiliyi ilə keçiriləcək görüşlərdən də yayındı. Fikrimizcə, baş nazir Nikol Paşinyan Fransanın və ABŞ-nin ciddi təzyiqləri altındadır və ona Paris və Vaşinqtondan kənar iştirakçılıqdan imtina göstərişi verilib. Halbuki, hər nə qədər olsa da, Moskvanı da regiona sıx bağlar bağlayır və daha geniş imkanlara malikdir. Məlumdur ki, Cənubi Qafqazda Rusiyanın, həmçinin də region ölkələrinin maraqlarını nəzərə almadan dinamiklik əldə etmək mümkün deyil.

Paşinyan iqtidarının sülh çağırışlarına və kompromis xarakterli bəyanatlarına baxmayaraq, reallıqlar bunların tam əksidir. Ermənistan sülh sazişi imzalanmasını əngəlləyən nə varsa ondan ikiəlli yapışır.

Hesab edirik ki, Moskvada sülh prosesini sürətləndirmək üçün əlverişli fürsət Ermənistanın günahı ucbatından qaçırıldı. İrəvanın əlində daha bəhanələri də qalmayıb. Ona görə də təmasları və substantiv görüşləri iqnor edərək sadəcə vaxt udmağa çalışır. Rəsmi İrəvan əsasən beynəlxalq müstəvidə gedən proseslərə köklənib".

Dəniz NƏSİRLİ





Seçilən
93
baki-xeber.com

1Mənbələr