AZ

2025-ci ilin uğurlu təməli

2025-ci

Bakı, 10 oktyabr, AZƏRTAC

Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin nitqinin dərin mənası var. Yalnız üç məsələ barədə fikirlərimi bölüşmək istəyirəm. Hər şeydən əvvəl, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin Mədəniyyət paytaxtı elan edilməsi əhəmiyyətli olacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. Onun sözlərinə görə, toplantılarda iştirak edən qonaqlar 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı ərazidəki barbarlığın, azad edildikdən qısa müddət sonra Azərbaycanın gördüyü möhtəşəm işlərin, dünya mədəniyyəti yaradan xalqımızın xarüqələrinin şahidi olacaqlar:

“İkincisi, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları zamanı Gəncə şəhərinin idman paytaxtına çevrilməsi də əhəmiyyətli olacaq. Gələnlər milli ruhumuzun şəhərlərindən biri olan qədim Gəncənin, sakinlərin gözəlliyini, qonaqpərvərliyini, quruculuğu, digər tərəfdən isə 44 günlük müharibə zamanı mülki əhalini raket atəşlərinə tutan, binaları dağıdan erməni barbarlığını görəcəklər.

Nəhayət, İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı müraciətin qəbul olunması da əhəmiyyətlidir. Çünki müstəqil olmayanda da, müstəqil olanda da Azərbaycan xalqı daim işğala və təcavüzə qarşı olub. İkinci Dünya müharibəsində qələbəyə töhfə verib. Azərbaycan xalqının nümayəndələri antihitlerçi koalisiyanın tərkibində ön cəbhədə canlarını fəda ediblər. Azərbaycanlılar Avropanın, o cümlədən bu gün Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən Fransanın işğaldan azad edilməsində Fransa müqavimət, Şərqi Avropanın, Balkanların azad edilməsində, partizan hərəkatında qəhrəmanlıqlar göstəriblər. Onların məzarları bu ölkələrdə qalır. Azərbaycan ön cəbhəni neft, mazut və benzinlə təmin edib. Azərbaycan xalqı arxa cəbhədə fədakarlıqlar göstərib. Cəbhəni təmin edən silah və sursatların bəziləri Bakıda istehsal olunub. Azərbaycan xalqı ön cəbhəni ərzaq və isti paltarlarla təmin edib. Hərbi hospitallarda müalicə alan xəstələr və onların övladları həyatlarını xilas edən azərbaycanlı həkimlərə və tibb işçilərinə borcludur.

Berlində Brandenburq darvazasına bayrağı sancan azərbaycanlılar idi. 416-cı Azərbaycan atıcı diviziyasının Berlində paradda olması xalqımızın düşmən üzərində qələbədə rolunu göstərirdi”.

Seçilən
13
azertag.az

1Mənbələr