AZ

"Əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan hər zaman özünün digər ölkələrlə ikitərəfli və eləcə də çoxtərəfli münasibətlərində bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, başqa sözlə desək, əməkdaşlıq etdiyimiz dövlətlər və təmsil olunduğumuz birliklər tərəfindən ölkəmizin və millətimizin maraqları əleyhinə fəaliyyət olmadığı müddətcə biz hər zaman münasibətlərdə sadiqlik nümayiş etdirmişik.

Şübhəsiz ki, Azərbaycanla Rusiya arasında münasibətlər də heç də hər zaman hamar olmayıb. Amma indiki dönəmdə qonşu dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu dövlətlərlə əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfəri də iki ölkə arasında əlaqələrinin tarixində növbəti uğurlu səhifə kimi qəbul oluna bilər. Təbii ki, qarşılıqlı səfərlər gündəlikdə əksini tapan məsələlərin müzakirəsinə, ümumi mövqeyin ortaya qoyulmasına imkanlar yaradır. Təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirsək Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar".

"MDB dövlət başçıları iclasında bir sıra məsələlərə dair ümumi razılaşmalar oldu və müvafiq bəyanatlar qəbul olundu. Xüsusilə də “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” il bağlı bəyanatları qeyd etmək istərdim. Hər nə qədər Ermənistan da bu sənədlərə imza atmasa da və bununla özünün pozuculuq fəaliyyətini bir daha nümayiş etdirmiş olsa da, bu bəyanatlar xarici təsirlərdən birgə qorunmağı və eləcə də MDB üzv dövlətlərinə qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlərə, sanksiyalara qoşulmamağı ehtiva etməsi baxımından mühüm sənədlərdir.

Sevindirici məqamlardan biri də MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu. Məhz Laçının, yəni işğaldan azad olunmuş ərazidə olan bir şəhərin paytaxt seçilməsi üzv dövlətlərin Azərbaycana olan etimadının göstəricisidir və bu, ölkəmizin növbəti diplomatik uğuru hesab oluna bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
5
sia.az

1Mənbələr