AZ

Naxçıvanda sərgi-satış yarmarkası keçirilir

Naxçıvan, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliği, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva bildirib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün daha güclü zəmin yaradacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Musa Məmmədov əhalinin sosial rifahının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və cəmiyyətdə sosial bərabərliyin təmin edilməsi məqsədilə həyata keçirilən dövlət siyasətindən danışıb. Musa Məmmədov sərgi-satış yarmarkasının məhdud fiziki imkanlı şəxslərin, istedadlı qadınların əl işlərini və yaradıcılıqlarını geniş ictimaiyyətə tanıtmaq, onların cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu bir daha nümayiş etdirmək üçün gözəl bir fürsət olduğunu deyib, bu tədbirin, həm yaradıcılığı, həm də sosial inklüzivliyi dəstəkləyən bir platforma olduğunu diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin əməkdaşı Həsən Kərimov bildirib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri də vətəndaşlara sosial qayğının, təminat və dəstəyin göstərilməsidir.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə qeyd edib ki, həyata keçirilən uğurlu sоsial siyasət muxtar respublika sakinlərinin həyat səviyyəsinin yaxşılaşmasına, sоsial müdafiəyə ehtiyac duyan vətəndaşlara, о cümlədən əlilliyi olan şəxslərə və ahıllara göstərilən dövlət qayğısının artmasına səbəb оlub. Qeyd edilib ki, rəsm və əl işlərinin ictimai nümayişi üçün nəzərdə tutulan bugünkü layihənin həyata keçirilməsi istedadlı məhdud fiziki imkanlıların və ahılların cəmiyyətə inteqrasiyası üçün böyük perspektivlər açmaqla, onların yaradıcılıq əzmini də artırır. Sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, bugünkü tədbir “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası çərçivəsində keçirilir və il ərzində bu istiqamətdə reallaşdırılan 5-ci tədbirdir. Artıq 15 ildir ki, keçirilən sərgi-satış yarmarkasında bu il iştirakçı qadınların sayı yüzlərlə, əl işlərinin sayı isə minlərlədir. Oktyabrın 17-dək davam edəcək sərgidə, ümumilikdə, 447 müəllifin 10 min 929 adda əl işi təqdim edilir. Bu da ötən illə müqayisədə 16 müəllif, 142 əl işi çox deməkdir. Əl işləri arasında tullantılardan hazırlananlar da diqqət çəkir. Tullantılardan hazırlanan əl işləri, həm də ekologiya ilə bağlı şüurun artırılması üçün gözəl vasitədir. Bu da qadınlarımızın COP-29, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərə verdiyi töhfə ilə ekosistemin qorunmasında fəal olduqlarını əyani şəkildə göstərir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, gender bərabərliyinin təmin edilməsi üçün qəbul olunan qanunvericilik aktları qadınların iş dünyasında və yaradıcı sahələrdə uğur qazanmalarına yönəlib. Ümumiyyətlə, yaradıcı qadınlar üçün şəraitin yaxşılaşdırılması qadınların iqtisadiyyatda, mədəniyyətdə və cəmiyyətdə daha fəal iştirakını təmin etmək məqsədi daşıyır. Bu istiqamətdə atılan addımlar qadınların daha da böyük uğurlar əldə etməsinə kömək edir.

İstedadlı qadın Xuraman Səfərova minnətdarlıq edərək deyib ki, bu cür platformalar qadınlara öz işlərini başqaları ilə bölüşmək, təcrübə mübadiləsi aparmaq və kollektiv layihələrdə iştirak imkanı verir.

Sonra tədbir iştirakçıları sərgi-satışla tanış olublar.

Sərgi-satış yarmarkası oktyabrın 17-dək davam edəcək.

Seçilən
52
50
azertag.az

10Mənbələr