Sabah Millətlər Liqasında Estoniyanın qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş oyun öncəsi mətbuat konfransı keçirib. Rekord.az konfransı sizin diqqətinizə çatdırır:
- Bu gün sizin yubiley gününüzdür, 70 yaşınız tamam olur. Arzu edirik ki, milli komanda sabah sizə əsl doğum günü hədiyyəsi edəcək...
- Əvvəla onu deyim ki, mənim ingiliscəm o qədər də yaxşı deyil, amma çalışacam məhz bu dildə sizin suallarınızı cavablandırım. Təbrik üçün də təşəkkürlər, mən də ümid edirəm ki, oyunçularım sabah mənə ad günü hədiyyəsi edəcək.
- Kifayət qədər böyük təcrübəniz və məşqçi karyeranız var. Sizə işinizdə motivasiya verən əsas amil nədir?
- Bəli, mənim yetəri qədər futbol karyeram var, bunun bir hissəsini də məşqçiliyə sərf etmişəm. Buna baxmayaraq, yenə də öz üzərimdə işləyirəm. Hazırkı işimdə əsas motivasiyam isə o oldu ki, AFFA-dan mənimlə əlaqə saxlayıb milli komandaya dəvət edəndə, Azərbaycanda futbola böyük maraq olduğunu gördüm. Düşündüm ki, mən də bu ölkədə futbolun inkişafına kömək edə bilərəm, bu ölkənin futbolunu yaxşı yerə gətirə bilərik.
- Hər iki komanda üçün vacib oyundu, hər iki komanda bundan əvvəlki oyunları uduzublar. Bu baxımdan sabahkı oyundan nə gözləyirsiniz?
- Mən Estoniyanın geridə qalan hər iki oyununa, eləcə də Azərbaycanda ötən iki oyunun da videosuna baxmışam. Futbol elə oyundur ki, hücumda olan, qol vuran qələbə qazanır. Mənim komandam mənim nə istədiyimi bilir. Biz də hücumda oynamağa üstünlük veririk. Sabah da çalışacayıq ən yaxşı oyunlarımızdan birini keçirək. Güclü oyun olacaq, təbii ki, hər komandanın sabahkı oyuna motivasiyası fərqli olacaq.