Aparılan araşdırmalar göstərir ki, açılacağı təqdirdə Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrut rolu oynayacaq. Lakin məsələ burasındadır ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin açılması rəsmi Bakı və İrəvan arasında hələ də öz həllini tapmayan məsələdir.
Moskva bu yola Rusiyanın nəzarət etməsini tələb etsə də, Ermənistan bunun əleyhinədir və nəqliyyat xətlərinin təhlükəsizliyini özü təmin etmək istəyir.
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında yenidən bu mövzuya toxunub. O iddia edib ki, Ermənistan İranla eyni şərtlər əsasında Azərbaycan tərəfinə Naxçıvana nəqliyyat marşrutu verməyə hazırdır. Paşinyan qeyd edib ki, ölkəsi yüklərin, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsinin təhlükəsizliyini tam təmin etməyə hazırdır: “Bu bizim istəyimiz, öhdəliyimizdir və biz buna zəmanət veririk. Yeri gəlmişkən, Ermənistanın guya öz suveren ərazisində kommunikasiya təhlükəsizliyini hər hansı formada üçüncü dövlətlərin təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün iddialar sadəcə həqiqətə uyğun deyil. Öz ərazisində təhlükəsizliyi təmin etmək hər bir ölkənin suveren borcudur”. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel marşrutlarının keçidini təmin etməyə hazırdır: “Bizim təkliflərimizə reaksiya verən Azərbaycan vurğulayır ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəməsə, Azərbaycan Naxçıvanla əlaqə yaratmaq üçün İran İslam Respublikasının verdiyi imkanlardan istifadə edər. Biz, əlbəttə ki, etiraz etmirik, çünki bu, iki ölkə arasında suveren münasibətlər məsələsidir. Ancaq bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəyir və biz öz ərazimizlə nəqliyyat əlaqələrini İran İslam Respublikasının verdiyi şərtlərlə təmin etməyə hazırıq. Üstəlik, biz qarşılıqlılıq, bərabərlik, suverenlik və tərəflərin yurisdiksiyasına əməl etmə prinsiplərinə hörmət çərçivəsində sərhəd nəzarəti prosedurlarında bəzi sadələşdirmələr etməyə hazırıq”. Lakin məsələ burasındadır ki, 2020-ci ilin 10 noyabr tarixli bəyanatına əsasən, Zəngəzur dəhlizinə nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir. Hazırda bunu Moskca israrla Ermənistandan tələb edir. Kremlin istəyinin rədd edilməsi isə İrəvan üçün müsbət nəsə vəd etmir. Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan bu xüsusda qeyd edir ki, Zəngəzur dəhlizinin açılmasının gecikməsi İrəvan üçün yeni problemlərin olacağı deməkdir: “Rəsmi mənbələrdən məlum olur ki, Zəngəzur vasitəsilə kommunikasiyaların açılması ilə bağlı ciddi problem var və hazırda Ermənistan özünü kifayət qədər destruktiv aparır. Destruktivlik ondan ibarətdir ki, Ermənistan hesablanmış, səriştəli həll yollarını formalaşdırmır, onu beynəlxalq arenada təbliğ etməyə və bununla da müttəfiqlər qazanmağa çalışmır. Bu, kənardan dəstək olmadan həll edə bilməyəcəyimiz məsələdir. Müharibədən sonra bunu müstəqil şəkildə özümüzə uyğun həll etmək üçün çəkimiz və imkanımız yoxdur. Azərbaycanda isə bu resurs var. İndi maksimum mümkün kompromisimizin qırmızı xəttini, bizə sərfəli variantları hesablamalıyıq, tərəfdarlar tapmağa çalışmalıyıq. Bizim etdiyimiz isə bu deyil. Biz özümüzü küsmüş bir yeniyetmə kimi aparırıq, hamını rədd edirik və nəticədə regionda partlayıcı vəziyyət yaranır, buna görə özümüz günahkarıq. “Əliyevin səbri” adlanan bir faktor formalaşır. Biz onunla oynayırıq”. O qeyd edib ki, biz müharibədən əvvəl əsassız, aqressiv və dağıdıcı ritorikamızla oynayırdıq: “Biz indi də eyni şeyi edirik. Elə bir vəziyyət yaranacaq ki, ölkələr və regionun əsas oyunçuları bu problemi bizsiz həll edəcəklər. Moskvada baş verənlər Ermənistanın heç kəsi maraqlandırmayan “Sülh qovşağı” ilə çıxdığı həmin serialın növbəti seriyası oldu. Ən azı iki vacib ölkə ondan imtina etdi - Azərbaycan və Rusiya. Onlar deyirlər ki, bu yaxşı ideyadır, lakin sülh deyil, münaqişə mənbəyidir”.
Ekspert qeyd edir ki, Zəngəzur dəhlizi böyük nəticəsi olan layihədir: “Biz Zəngəzur dəhlizi deyirik, amma əslində söhbət Cənubi Qafqazın yeni arxitekturasından gedir. Elə vəziyyət yaranıb ki, Qərb yol üçün bir variant, Rusiya başqa variant təklif edir; Ermənistan isə ona sərfəli, Rusiya ilə Qərb arasında münaqişə predmetinə çevrilməyəcək variantı təklif etmir. Hamıya və hər şeyə “yox” deyirik. Bu ona gətirib çıxaracaq ki, bütün məsələlər bizsiz, amma ərazimizdə həll olunacaq”. Sərhədlərin dəyişdirilməsini özünün “qırmızı xətti” elan edən İrana gəlincə, Ovannisyan qeyd edib: “Əvvəla, İran çox ciddi münaqişədə iştirak edir və bu hələ mübahisəlidir ki, onun sizi sona qədər qorumaq üçün kifayət qədər resursu və vaxtı olacaqmı? Həm də özün-özünü qorumadığın bir situasiyada. İkincisi, rəqibləriniz İranla daha geniş maraqlarla danışıqlar apara və nədəsə güzəştə getməklə bu məsələdə istədiklərini əldə edə bilərlər. Üçüncüsü, İranla münasibətlərimiz yalnız bəyanatlar səviyyəsindədir, “dəmir zəmanət” deyil. Biz İranla, xüsusilə Zəngəzurda ciddi iqtisadi layihələr işləmirik”. Vahe Ovannisyan vurğulayır ki, Ermənistan noyabrın 10-da imzaladığı sənəddən imzasını geri götürsə, bu, Azərbaycana hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquq verəcək və Azərbaycan bunu edəcək. Əgər Ermənistan öz imzasını saxlasa, ancaq öz öhdəlikləri üzrə işləməsə, heç bir addım atmasa, bu, yenə də Azərbaycana ruslara və digər regional oyunçulara “Mənim məsələni hərbi yolla həll etməyə qanuni haqqım var, bu şəxs öz imzasına hörmət etmir” deməyə qanuni haqq verəcək”. Qeyd edək ki, söhbət məhz 10 noyabr bəyanatında Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz yolun təmin edilməsi ilə bağlı Ermənistanın götürdüyü öhdəlikdən gedir. İndi Ermənistan bu xüsusda müvafiq addım atmasa, Azərbaycan və Rusiya gərəkən addımları atmağa məcbur ola bilərlər.
Nahid SALAIYEV