AZ

Nazirliyin rəhbərliyində elmi dərəcəsi olanlar və olmayanlar...

Image

Baş müəllimin və müavinlərinin pedaqoji təhsili yoxdur

Elmi dərəcə insanın alim olduğunu bildirmir. Alim olmaq üçün elmi nailiyyət olmalıdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, elmin imitasiyası yox, elmin özü lazımdır.

"Əsas problem odur ki, elmi dərəcəsi olub, elmi nailiyyəti olmayan insanlara alim deyirik. Biz onlara "sən alim deyilsən" deməyə utanırıq", - deyə əlavə edib.

Nazirin bu çıxışından sonra Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli dövlət məmurlarından hansıların elmi dərəcə daşıdığını araşdırmaq qərarına gəldik.

Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Eldar oğlu Əmrullayev 1982-ci il dekabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirmişdir.

2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almışdır.

Nazir müavini Firudin Qurbanov 29 avqust 1952-ci ildə Azərbaycan SSR-in Ağsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma" fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir.

Nazir müavini İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987–1992-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarə olunması" ixtisası üzrə magistr dərəcəsi alıb.

Nazir müavini Həsən Həbib oğlu Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2009–2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

Nazir müavini Kərimzadə Kənan Şakir oğlu 1989-cu ildə Bərdə şəhərində anadan olub. 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ilin fevral-aprel aylarında ABŞ-nin Dyuk Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən keçirilən "İqtisadi inkişaf üçün tətbiqi dövlət maliyyəsi" kursunu bitirib. 2011–2012-ci illərdə "Edmund S. Muskie Mübadilə Proqramı" çərçivəsində Nyu-Yorkda yerləşən Fordham Universitetində "Beynəlxalq siyasi iqtisad və inkişaf" proqramında təhsil alıb.

2017–2019-cu illərdə ABŞ-nin CFA İnstitutunun "İnvestisiyaların idarə edilməsi" proqramını bitirib və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasını əldə edib.

Aparat rəhbəri Kərimli Mətin İmdad oğlu 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor Bağırov Eşqi Cəfər oğlu 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə təkrar magistratura təhsili alıb.

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliynin direktoru Ceyhun Kərəmov 1981-ci ildə anadan olmuşdur. 1999-2003-cü ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarə Heyətinin sədri Tural Əhmədov 1983-cü ildə anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetində regionşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.

2005-2007-ci illərdə Golda Meir təqaüdü ilə Yerusəlim İbrani Universitetində (Hebrew University of Jerusalem) sosial elmlər üzrə magistr dərəcəsi alıb.

2004-2005 və 2007-2008-ci illərdə Azərbaycan Dillər Universitetində regionşünaslıq ixtisası üzrə magistr dərəcəsi alıb.

2011-2012-ci illərdə Fulbright təqaüdü ilə Sirakuz Universitetində (Maxwell School of Syracuse University) beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.

2008-ci ildə Brandeis Universitetində və Təl-Aviv Universitetində, 2009-cu ildə Oslo Universitetində və Nansen Akademiyasında, 2011-ci ildə Şimali Karolina Dövlət Universitetində, 2015-ci ildə Avropa Kollecində (College of Europe) qısa müddətli təlimlərdə iştirak edib.

Göründuyü kimi, Elm və Təhsil Nazirliyinin rəhbər vəzifələrində çalışan dövlət məmurlarının heç biri, o cümlədən də nazir özü elmi dərəcə daşımır. Nazirin dediyi kimi, yəqin bu qəbildən olan dövlət məmurları elmi nəticələr əldə edə bilməyəcəklərinə əmindirlər. Ona görə də elmi dərəcə almağa vaxt sərf etməyə ehtiyac duymayıblar.

Açıq mənbələrdə dərc edilən bu təhsil karyeraları ilə tanış olduqca adama elə gəlir ki, bu məmurlar ya İqtisadiyyat Nazirliyində, ya da Ədliyyə Nazirliyində işləyirlər. Çünki əksər məmurların təhsili iqtisadiyyat, idarəetmə və hüquqla bağlıdır. Əsas odur ki, nə ölkənin bir nömrəli müəlliminin - nazirin, nə də onun müavinlərinin, direktor və idarə rəislərinin heç birinin pedaqoji təhsili yoxdur. Ölkə təhsilinə rəhbərlik edən səxslərin heç biri bir gün də olsun sinfə müəllim kimi daxil olmayib. Sonra da sual edirik ki, təhsilimiz niyə bərbad gündədir...

Akif NƏSİRLİ





Seçilən
14
baki-xeber.com

1Mənbələr