BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Ölkəmizdə də 2012-ci ildən başlayaraq “11 oktyabr Beynəlxalq Qızlar Günü” keçilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu günün əsas devizi və çağrışlarına uyğun olaraq müxtəlif layihələr reallaşdırır. Erkən nikahların, təhsildən yayınma, qızlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması ilə bağlı bir sıra sistemli işlər görülür. Bəs Azərbaycanda qızların həyat tərzi və dünyagörüşü hansı səviyyədədir, iş tapmaq imkanları necədir? SİA şəhər sakinləri arasında bu mövzu ilə bağlı sorğu keçirib.
Şəhər sakini Telman Musayev: "Azəybaycanda qızların həyat tərzi ortadır. Biz hazırda Qərb və Şərq mədəniyyətinin ortasındayıq. Bəziləri Qərb, bəziləri də Şərq mədəniyyətinə üstünlük verir. Əksər qızlarımız Qərb mədəniyyətinə üz tutublar. Geyim tərzi də burada çox rol oynayır. Çünki biz Şərq mədəniyyətinə yaxınıq. Qızlarımız da Şərqin ən bariz nümunələrinə əməl etsələr, daha da gözəl və cazibədar olarlar. Qızlarımız iş tapmaqda çətinlik çəkirlər. Amma burada qabiliyyət rol oynayır. Bir çoxları deyir ki, xarici görünüş rol oynayır, lakin yüksək bilik hər şeyi həll edir. Bu bilgilərə sahib olmalıdırlar ki, daha rahat iş tapsınlar. Bizim qızlarımız 3-4 xarici dil bilsələr daha yaxşı olar və gələcək nəsillərin dünya standartlarında böyüməsinə fayda verər".
Şəhər sakini Ramil Əliyarov: "Azərbaycan qızları sadə olsalar, estetik əməliyyatlardan istifadə etməsələr, yaxşı olar. Çox qısqanc olmasalar, daha yaxşı olar. Yəni xarakterlərini bir az inkişaf etdirmələrini istəyərdim. Sevgi gözəl şeydir, sevgini qısqanclıqda axtarırlar. Sevgini diqqət, nəzakət, insanlıqda axtarmaq lazımdır. Azərbaycan qızlarının iş tapmaq imkanları çox asandır. İnsan iradəli, çalışqan olarsa, bəhrəsini də görər. Ruhdan da düşməyə ehtiyac yoxdur. Əziyyət varsa, irəli getmək olar".
Şəhər sakini Aygün Muradova: "Azərbaycan qızlarının həyat tərzi, dünyagörüşü orta səviyyədədir. Bu, mentalitetdən asılıdır. Qədimdən ailələrdə qızla oğlan arasında ayrı-seçkilik var. Bu ayrı-seçkilik təhsildə, düşüncədə özünü göstərir. İndiki zamanda qızların iş tapmaq ehtimalı çox yaxşıdır. Mənim də qızım var. Onun cəmiyyətə xeyirli övlad olmasını çox istəyirəm. Böyüdükcə öz ayaqları üzərində dayanan, sərbəst, ali təhsilli qız olsun. Analar qızları ilə dost olmalıdır, mən də qızımla dost olacağam".
Şəhər sakini Aygün Cəfərova: "Azərbaycan qızlarının həyat tərzini, dünyagörüşü yüksək səviyyədədir. Tərbiyəli, bacarıqlı, mədənidirlər. Bunu bütün Azərbaycan qızlarına aid edirəm. Qızlarımız işi çətin tapırlar. Öz ixtisaslarına aid iş tapmaqda çətinlik çəkirlər. Bütün qızlara ailə səadəti arzulayıram. Heç nədən də yarımasalar, talelərindən yarısınlar".
Şəhər sakini Məryəm İbrahimova: "Mənim fikrimcə, Azərbaycan qızları normal həyat tərzi keçirirlər, hamısı da çox gözəldir. Bütün qızları bu gün münasibətilə təbrik edirəm. Bütün qızlara xoşbəxtlik arzu edirəm. Qızları çalışqan, savadlı görmək bizim üçün çox xoşdur. İş tapmaq isə qızlara çox çətindir".
Şəhər sakini Aylin Məmmədova: "Bütün qızlara uğurlar arzulayıram. Bizim qızlarımız çox gözəldir, çox mehribandır. Qızlarımızı həmişə yüksəklərdə görmək istəyirəm. Bütün qızlara xoşbəxtlik arzu edirəm. Məncə, iş tapmaq qızlar üçün indiki zamanda asandır. Qızlara üstünlük verirlər, hörmət edirlər".