AZ

GÜNDƏM: Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanı təsdiqlədi, Qoşulmama Hərəkatı Azərbaycanın COP29 çağırışına dəstək verdi

2024-cü il sentyabrın 4-də Bakı şəhərində və 2024-cü il sentyabrın 9-da Bonn şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Sənədə əsasən, fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.

* * *

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” (bundan sonra – Milli Strategiya) təsdiq edilib.

Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli sərəncamı ilə yaradılmış Komissiya həyata keçirəcək.

Nazirlər Kabineti Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

* * *

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib.

Fins.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Beləliklə, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.

"Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə də xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.

Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir", - deyə XİN-dən bildirilib.

Təşəbbüsün tam mətni ilə //cop29.az/az/news/cop29-presidency-officially-launches-joint-solemn-appeal-for-a-cop29-truce internet səhifəsində tanış olmaq mümkündür.

* * *

Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitinin 2-ci gününə start verilib.

Fins.az xəbər verir ki, bu illik sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Bu gün “INMerge” İnnovasiya Sammitində “YouTube”-un həmtəsisçisi Stiv Çen, “Amazon”-un vitse-prezidenti və texniki direktoru Verner Vogels, “PASHA Holding”-in icraçı direktoru Cəlal Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədri İnarə Vəliyeva, “Avito”-nun keçmiş baş direktoru Vladimir Pravdivıy da təsdiqlənmiş spikerlər arasında yer alıb. Onlara "Paradox Strategies" və "InnovationForce"un təsisçisi, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev çıxış edəcəklər.

Qeyd edək ki, "INMerge” İnnovasiya Sammiti "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilib. Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir. “INMerge” həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.

Seçilən
6
fins.az

1Mənbələr