AZ

Yeni yaşayış kompleksi

Naxçıvan şəhərinində yeni müasir “Nakhchivan residence” yaşayış kompleksinin tikintisinə başlanıb. Hazırda ərazidə özülqoyma işləri aparılır. Son ilərdə irimiqyası tikintiabadlıq və bərpa işləri ilə gözəlləşən və gəncləşən qədim şəhərdə yeni layihəni yerli “APF Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti gerçəkləşdirir.

İnşaat sektorunun sürətli inkişafı ilə ayaqlaşan və indiyədək həm ölkə daxilində, həm də xaricdə uğurla fəaliyyət göstərən bu inşaat qurumunun direktoru Zamir Məmmədov XQ-yə açıqlamasında bildirdi:

– Son illərdə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi, tikintiyə icazə alma mexanizminin “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsi və müraciətlərə baxılma müddətinin qısaldılması və s. ölkədə tikinti sektorunun inkişaf dinamikasına öz təsirini göstərir. Tikinti prosedurlarının təkmilləşdirilməsi və bu sahəyə özəl investisiyaların cəlb olunması Naxçıvan Muxtar Respublikasında quruculuq işlərinin genişlənməsinə yeni imkanlar acır.

Naxçıvan şəhərinin infrastruktur yenilənməsinə öz təsirini göstərəcək yeni tikinti layihələri şəhərin simasını dəyişməklə yanaşı, yaxın dövrdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına da öz töhfəsini verəcək. Belə layihələrdən biri də “Nakhchivan residence” yaşayış kompleksidir. Hazırda qarşımızda duran əsas layihə Naxçıvan şəhərində yeni bir yaşayış kompleksi – podratcı “APF Tikinti” sirkəti tərəfindən “Nakhchivan Residence” in ən yüksək səviyyədə tamamlanaraq sakinlərə təqdim olunmasıdır.

Şəhərin 49-cu məhəlləsində tikilən yeni yaşayış kompleksi 5 kvartaldan 34 blokdan ibarət olacaq. Təsdiq edilən layihə çərçivəsində 1, 2, 3 və 4 otaqdan ibarət 5-12 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək. Binaların brinci mərtəbəsi qeyri-yaşayış sahəsi olacaq və əsasən, xidmət sahələri üçün nəzərdə tutulacaq. Kompleksdə yeraltı və yerüstü avtomobil dayanacaqları, yeraltı içməli su anbarları və digər yardımcı sahələr istifadəyə veriləcək. Bununla yanaşı, burada uşaq bağçası, qapalı su hovuzları, fitnes mərkəzi və müxtəlif iaşə obyektləri də fəaliyyət göstərəcək. Yəni sakinlərin rahat yaşayışı üçün burada maksimum şərait yaradılacaq.

Tikinti işlərinə gəldikdə isə bu yaxınlarda ərazidə inşaat işlərinə başlanılıb. 6,7 hektar sahədə inşa olunacaq binalar üçün artıq 1 hektar təməl hissədə betonlama işləri başa çatdırılıb, növbəti mərhələ üçün əraziyə işçi qüvvəsi və texnikalar cəlb olunub. Ümumilikdə isə tikintiyə 700-ə yaxın işçinin cəlb edilməsi gözlənilir.

Yeni kompleksin tikintisində yerli inşaat materiallarına üstünlük veriləcək. Podratçı şirkət olaraq poleyster və poliüretan maddələrdən hazırlanmış tikinti materialları, dekorativ ayna və şüşə işləmə, plastik və aliminum qapı-pəncərə istehsalçısı olduğumuzdan bu məhsulların istifadəsinə də geniş yer verəcəyik. Eyni zamanda, tikintidə muxtar respublikada istehsal olunan digər inşaat materiallarının da istifadəsi nəzərdə tutulub.

“Nakhchivan residence” yeni ünvanın sakinlərinə hansı üstünlükləri olan yaşayış sahəsi, mənzillər təqdim edəcək? Müəssisənin satış müdiri Samirə Musayeva bu sualı belə cavablandırdı:

– Yeni yaşayış kompleksi Naxçıvan şəhərinin şimal hissəsində, həm də şəhərin mərkəzi hissəsinə yaxın ərazidə tikildiyindən buradan bütün istiqamətlərə rahat nəqliyyat çıxışları olacaq. Yaşayış binaları şəhərin qərb və cənub hissələri ilə müqayisədə yüksək ərazidə yerləşəcəyindən buradan ətraf ərazilərin mənzərəsini də rahat seyr etmək mümkün olacaq.

Eyni zamanda, mənzillərin pəncərələrində tam görünüşlü vitraj şüşələrdən istifadə olunacağından hər kəs ətrafı daha yaxşı seyr edə biləcək. Lakin bunlar mənzillərin qiymətinə təsir etməyəcək. Yaşayış binalarının daxilinə giriş sakinlər və onların yaxınları üçün “ağıllı sistem” (QR kod oxutmaqla) vasitəsi ilə olacaq, kompleksə mühafizəçilər nəzarət edəcəklər.

Öyrəndik ki, kompleksdə artıq mənzillərin satışına da başlanılıb. yaşayış sahəsinin kvadratmetri alıcılara 1250 manatdan, daxili kredit yolu ilə isə 1300 manatdan təqdim olunur. Artıq satış üçün müraciət edənlərin sayı da qənaətbəxşdir. Mənzil sahibi olmaq hər kəsin arzusudur. Əhali sayının ildən-ilə artması isə buna daha çox zərurət yaradır.

Bu gün təkcə işğaldan azad edilmiş rayon və kəndlərimizdə deyil, digər yaşayış məntəqələrimizdə də geniş tikinti-quruculuq işləri aparılır. Xüsusilə, özəl sektorun bu sahəyə təşviqi həyata keçirilən dövlət siyasətinin əsas xəttini təşkil edir. Məqsəd vətəndaşların rahat yaşamaq hüquqlarını təmin etmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır. Bölgələrimizdə həyata keçirilən bu cür layihələr də bir daha insan amilinə göstərilən diqqətin bariz nümunəsidir.

 

phrase_var_article.chosen
49
xalqqazeti.az

1phrase_var_article.sources