AZ

Xüsusi nümayəndə: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanacaq - MÜSAHİBƏ

Moskvada oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasında Laçın şəhəri 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunub. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov “Report”a müsahibəsində şəhərdə bərpa və yenidənqurma, əhalinin məşğulluğu, ərazilərin minalardan təmizlənməsi ilə bağlı görülən işlərdən danışıb.

- Laçına köç başlayandan indiyədək əhalinin məşğulluğu necə tənzimlənib?

- Bu günə qədər Laçın rayonuna 3 min 128 sakin köçürülüb. Onlardan 2 min 90 nəfər Laçın şəhərində yaşayır, qalan 1038-i isə rayonun Zabux və Sus kəndlərində məskunlaşıblar. Məskunlaşan əhalinin ilk növbədə şəhər infrastrukturu və tikinti-bərpa işlərində, sonra isə yeni yaradılan sənaye müəssisələrində məşğulluğu təmin olunub. Həmçinin kommunal-təsərrüfat sahəsində iş yerləri yaradılıb. Əhalinin nümayəndəlik olaraq işlə təmin olunmaları üçün tədbirlər həyata keçiririk. Hazırda xidmət və turizm sahəsində də planlarımız var. Yaxın gələcəkdə Laçın ərazisində istifadəyə veriləcək hotel komplekslərində əhali işləyə biləcək. Qeyd edim ki, investisiya baxımından tikinti və kənd təsərrüfatı ilə bağlı layihələrimiz də var. Yaxın zamanlarda burada iş məsələsi ilə bağlı problemlər olmayacaq.

- Laçında mina təhlükəsi ilə bağlı məsələ nə yerdədir?

- Müəyyən sahələr minadan təmizlənib. ANAMA ilə birlikdə qiymətləndirmə apardıq. Laçın ərazisi çox böyük olduğundan ANAMA-nın ixtisaslaşmış düşərgəsi qurulub. Həmin düşərgədə 160-a yaxın mütəxəssis çalışır. Bu, ANAMA-nın azad olunmuş ərazilərdə ən böyük düşərgələrindən biridir. Minadan təmizlənməyən ərazilərdə təhlükə qalmaqdadır. Kənd təsərrüfatı işləri və yaxud digər məqsədlərlə girişinə icazə verilməyən ərazilərə səfər etmək istəyənlərlə bağlı məlumatlandırma işləri aparırıq. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq kəndlərdə tikinti işləri ANAMA tərəfindən təmizləmə işləri başa çatdıqdan sonra başlayır.

- Hazırda hansı kəndlərdə bərpa işləri davam edir?

- Sus və Zabux kəndləri tikilərək istifadəyə verilib. 59 ailə Sus kəndinə, 217 ailə isə Zabux kəndinə köçürülüb. Sus kəndinin davamı olaraq Bəylik kəndində işlər davam edir. Gələn ilə 91 ailənin buraya köçürülməsi nəzərdə tutulur. Digər layihə isə Güləbird kəndinin tikintisidir. Burada da layihə işləri davam etdirilir. 2025-2026-cı illərdə bu kəndə sakinlərin köçü nəzərdə tutulur.

- Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı fikirləriniz nədən ibarətdir?

- Bu, bizim üçün çox sərfəli və məsuliyyətli işdir. Sentyabr ayının 17-də Rusiyanın Ufa şəhərində Dövlətlərarası Humanitar Əməkdaşlıq üzrə Fondun 17-ci forumunda Laçın şəhəri MDB-nin 2025-ci il paytaxtı elan edildi. Orada Laçın şəhəri haqqında təqdimat oldu. Laçın şəhərinin əsrarəngiz gözəlliyi forum iştirakçılarını valeh etdi.

Həmçinin, Laçında istehsal olunan məhsulların sərgisi təşkil edildi. Sərgidə əslən laçınlı olan Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın müəllifi olduğu xalçaları və “Gilabi Ceramics” yaradıcılıq mərkəzinin məhsullarını nümayiş etdirdik. Oktyabr ayının 8-də MDB Dövlət Başçılarının Şurasının iclasında bu qərar təsdiq edildi. Laçının MDB-nin mədəniyyət paytaxtı ili çərçivəsində Mədəniyyət Nazirliyi ilə birlikdə fəaliyyət tədbirlər proqramı hazırlanacaq. Həmçinin müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar və master-klasslar təşkil olunacaq.

- Azad olunmuş ərazilərdə turistlərin ətrafı tullantılarla çirkləndirmə hallarına rast gəlinir. Nümayəndəlik olaraq bu halların qarşısını almaq üçün hansı işlər görülür?

- İlk növbədə, turistlərin icazə verilməmiş yerlərdə istirahət üçün yerləşdirilməsi yolverilməzdir. İctimai yerlərdə təmizlik qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur. Bu işlərdə ailədən başlayaraq məktəb və KİV-də maarifləndirmə işləri aparılmalıdır. Oktyabrın 10-da Laçın şəhərində ekoloji məsələlər üzrə növbəti işçi qurupunun iclasında Laçın məktəblərində, “Təmiz Şəhər” ASC ilə birlikdə məişət tullantılarının idarəedilməsi ilə bağlı maarifləndirici açıq dərslərin keçirilməsi barədə danışıqlar aparılıb. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə turistlərin tez-tez baş çəkdiyi təbiət və istirahət məkanlarında məlumatlandırıcı lövhələrin quraşdırılması planlaşdırılır.

Seçilən
21
far.az

1Mənbələr