Məsələyə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Demokrat.az-a açıqlamasında münasibət bildirib. V.Tofiqli bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımları təqdirəlayiq hesab edir:
“Görülən işlər bələdiyyələrin inkişafına və problemlərinin həllinə yönəlib. Bu gün Azərbaycandakı 1606 bələdiyyənin 700-dək azaldılması sözsüz ki, perspektiv etibarilə bələdiyyənin inkişafına xidmət edəcək. Bələdiyyələrin ümumi xərcləri azalmış olacaq, maliyyənin mərkəzləşməsinə gətirib çıxaracaq. Nəticədə bələdiyyə öz ərazisində müəyyən işləri görə biləcək. Bu prosesin müsbət tərəfləri çoxdur və davam etdirilməsini istərdim. Çünki ərazi baxımından Azərbaycanda bələdiyyələrin sayı 400-dən aşağı olmalıdır. Güman edirəm ki, növbəti mərhələdə bu nəzərə alınacaq”.
V.Tofiqli qeyd edib ki, birləşdirmə ilə paralel müəyyən problemlər də ortaya çıxa bilər:
“Bələdiyyələrin DSMF-yə 6 milyon manatdan çox borcu var. Bəzən qeyd olunur ki, bələdiyyələrin kifayət qədər büdcə gəlirləri var, onlara xeyli vəsait ayrılır, amma bu fikirlər doğru deyil. Ötən il 1606 bələdiyyənin ümumi 50 milyon manat gəliri olub, bunun da bir qismi dövlətdən ayrılan dotasiyalardır. İllik büdcə gəliri 1 milyon manatı keçən 5 bələdiyyə var. Bələdiyyələrin kifayət qədər vəsaitinin olması üçün müvafiq orqanlar qanunvericilik, qanunların icrası baxımından onların qarşılaşdıqları problemlərin həllinə səy göstərilməlidir. Bu məsələlər yoluna düşsə, düşünürəm ki, Azərbaycan bələdiyyələri də mühüm inkişaf mərhələsinə qədəm qoyar”.
Törə Zeynallı
Demokrat.az