AZ

Ermənistan odla oynayır – Rusiyaya qarşı ikinci cəbhə yaradılır

Ermənistan odla oynayır. 30 sentyabr tarixində Brüsseldə NATO-nun mənzil-qərargahında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Alyansın Hərbi Komitəsinin nümayəndələri arasında keçirilən görüşlərin müzakirə mövzusu, əldə olunan razılaşmalar bunu deməyə əsas verir.

Rusiyadan uzaqlaşmağa çalışan Ermənistanın “gözü dönmüş” kimi görünür. Belə ki, görüşdə Ermənistan NATO-nun yeni qanadı olmağa razılıq verib. Onlar “Cibuti modelinin ölkələrində tətbiq edilməsinə razıdırlar.

Diplomatik mənbələrdən əldə edilən məlumatlara görə, 30 sentyabrda keçirilən görüşdə Armen Qriqoryan Ermənistanın “NATO-nun yeni cənub qanadı” olmağa hazır olduğunu bəyan edib. O, Ermənistanda hərbi bazaların tikintisinə və raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə dəstək verəcəyini vurğulayıb. Qriqoryanın sözlərinə görə, bu bazalar quru, hava və xüsusi təyinatlı bölmələri əhatə edən NATO-nun sürətli reaksiya qüvvələrini qəbul etməyə hazır olacaq. ABŞ və Fransa bu təşəbbüsü fəal şəkildə dəstəkləsə də, Almaniya Rusiyanın geniş hərbi mövcudluğu, xüsusi xidmət orqanları və İranda yerləşən agentura ilə bağlı narahatlıqlarını ifadə edib. Buna baxmayaraq, Cibuti modeli əsas göstərilərək bildirilib ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün bu vacib addımdır.

Qeyd edim ki, Cibuti Respublikası dünyada hər iki ölkənin hərbi bazalarının belə yaxın məsafədə olduğu yeganə yerdir. Burada həm ABŞ-nin həm də Çinin hərbi bazalarının yerləşdirilib. Bu, Cibutinin strateji əhəmiyyəti onun Bab əl-Məndəb boğazına yaxın yerləşməsi ilə əlaqədardır. Sözügedən boğaz Qırmızı dənizi Hind okeanı ilə birləşdirən əhəmiyyətli ticarət marşrutudur və hər il 30 mindən çox gəmi bu boğazdan keçir.Hərbi bazaların yaxınlığı bəzi narahatlıqlar doğursa da, hər iki ölkə birgə hərbi təlimlərdə iştirak edərək diplomatik əlaqələrini davam etdirir.

Ermənistanın Azərbaycana təzyiq planları

Beynəlxalq səviyyəli tədbir olan COP29-a ev sahibliyi edən Azərbaycana təzyiqlər artmaqdadır. Mühüm tədbirə sayılı günlərin qaldığı bir vaxtda təzyiqlər, xüsusilə də dezinformasiyalar çoxalıb. Görünür, Ermənistan konkret olaraq NATO-ya inteqrasiya yolunu tutub. Onlar düşünür ki, Bakı hazırda “həssas” vəziyyətdədir və bizim “Ermənistan üçün məqbul olan” şərtlərlə sülh müqaviləsini imzalamağımız üçün əla fürsətdir. Belə ki, Armen Qriqoryan görüş zamanı açıq şəkildə bəyan edib ki, Azərbaycanın sülh müqaviləsini imzalamağa məcbur edilməsi üçün bizə maksimum təzyiq göstərilməsini istəyir. Bununla əlaqədar olaraq o, qərbli həmkarlarından COP29 konfransı kontekstində Azərbaycana qarşı informasiya təzyiqinin artırılmasında kömək etmələrini xahiş edib. Qriqoryanın sözlərinə görə, Yerevanın təklif etdiyi “sülh müqaviləsi”nin qısaldılmış sənədi imzalandıqdan dərhal sonra Ermənistan KTMT-dən çıxmaq və NATO-ya inteqrasiya yolunu rəsmi olaraq elan etmək üçün prosedura başlamağa hazırdır. Erməni diasporunun ABŞ, Fransa və NATO-nun bir neçə başqa ölkəsinin dəstəyi ilə apardığı informasiya kampaniyası hələlik yalnız erməni aktivistləri və onların etibarlı müttəfiqləri ilə məhdudlaşır. Buna görə də Ermənistan hakimiyyəti inanır ki, COP29 konfransına qədər Yerevanla Bakı arasında tezliklə sülhün vacibliyi haqqında yanaşmanın qlobal səviyyədə yayılması lazımdır.

Ermənistan təxribata hazırlıq görür

Görüş zamanı Qriqoryan Azərbaycanın silahlı qüvvələrinin delimitasiya olunmamış sərhəd hissələrində tutduğu mövqeləri nəzərdə tutaraq, Azərbaycan ordusunun “suveren Ermənistan ərazisinin” bir neçə yüz kilometrini “işğal” etməsi məsələsini gündəmə gətirib. Yerevanın bu torpaqları sülh yolu ilə qaytarmaq imkanı olmadığını düşünən Qriqoryan buna görə də müharibə planını təklif edib. Qriqoryanın sözlərinə görə, bu cəhdlər zamanı əldə edilən “qələbə” Ermənistan ordusunun və cəmiyyətinin döyüş ruhunu bərpa edəcək, Azərbaycan cəmiyyətini ruhdan salacaq. Qriqoryan planını həyata keçirmək üçün Qərbin diqqətini necə çəkmək lazım olduğunu da bilir. Belə ki, ssenarinin müəlliflərinin fikrinə görə, bu cəhd Qərb hərbi texnikasının real döyüş şəraitində sınaqdan keçirilməsi üçün vacib bir test olacaq və 2020-ci ildəki qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycanda artmış nüfuzunu əhəmiyyətli dərəcədə zəiflədəcək. Qriqoryan 2016-cı ilin aprel döyüşləri ilə müqayisə aparıb, bu döyüşlərin Azərbaycan ordusu üçün kəşfiyyat xarakteri daşıdığını və nəticədə Sərkisyanın nüfuzunu sarsıtdığını, Qərbyönümlü qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsinə şərait yaratdığını bildirib. Qriqoryan yeni döyüşlərin başlamasının Ermənistan üçün ərazi itkiləri riski daşıyıb-daşımadığı ilə bağlı sualına cavabında qeyd edib ki, Ermənistan ordusu Ermənistan-Azərbaycan sərhədi boyunca “qalalar” inşa edir və aktiv olaraq Qərb müttəfiqlərinin paylaşdığı Rusiya-Ukrayna müharibəsinin təcrübəsindən istifadə edərək intensiv fortifikasiya işləri aparır.

Gürcüstan Ermənistanın planlarına maneə kimi

Qriqoryan görüş zamanı Gürcüstanı Ermənistanın gizli planlarına maneə kimi təqdim edib. Qriqoryanın sözlərinə görə, hazırkı Gürcüstan hökuməti Azərbaycanla yaxın münasibətdədir və bu, regionun Qərbin nəzarətinə keçməsinə mane olan amildir. Bu baxımdan, Ermənistandan xüsusilə ermənilərin sıx məskunlaşdığı bölgələrdə Gürcüstan seçkilərinin nəticələrinə təsir etmək imkanları müzakirə edilib. Görüşdə Ermənistanın xüsusi xidmət orqanları ilə Qərb ölkələrinin, xüsusilə Fransa və ABŞ-ın xüsusi xidmət orqanları arasında Gürcüstan istiqamətində əməkdaşlıq yüksək qiymətləndirilib. Ermənistan Xarici Kəşfiyyat Xidmətinin işi və yüksək səviyyəli əməkdaşlıq müsbət qarşılanıb. Görüş zamanı bildirilib ki, erməni xüsusi xidmət orqanları Gürcüstanda yaşayan etnik ermənilər arasında yaradılmış agentura şəbəkəsindən istifadə edərək “aktiv tədbirlər” hazırlayır. Bu prosesə Serbiya hökumətinə qarşı fəal işləyən Balkan ölkələrindən ən təcrübəli mütəxəssislərin cəlb ediləcəyi gözlənilir.

Rusiya ilə münasibətlər və Qərblə əməkdaşlıq

Görüş zamanı Ermənistanın Qərb ölkələri, xüsusilə Fransa və ABŞ ilə olan əməkdaşlığı yüksək qiymətləndirilib. Ermənistanın təhlükəsizlik strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Xidməti və orduda çoxsaylı Rusiyaya meylli kadrların olması ciddi problem kimi təqdim olunub. Xüsusilə Fransa tərəfi Ermənistan ordusuna göndərilən Fransız hərbi texnikası barədə məlumatların Rusiya və İran tərəflərinə ötürülməsi hallarından narahatlıq ifadə edib. Qriqoryan bildirib ki, Rusiya agenturasının təsirindən qurtulmaq üçün təhlükəsizlik orqanlarında təmizləmə işləri fəal şəkildə həyata keçirilir. O, bu prosesin daha sürətli və effektiv olması üçün Qərb xüsusi xidmət orqanlarının ekspert dəstəyinə ehtiyac var. Görüşdə həmçinin Ermənistan ərazisində müxtəlif vaxtlarda mövcud olmuş Rusiya ordusu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və rus hərbi qulluqçuları barədə kəşfiyyat məlumatlarının mübadiləsinin vacibliyi bir daha təsdiq olunub. Bu cür məlumat mübadiləsinin Qərb ölkələri ilə əməkdaşlığı gücləndirəcəyi və Ermənistanın Rusiyanın təsirindən çıxışını sürətləndirəcəyi bildirilib.

Rəsmi Bakı hər şeydən xəbərdardır

Göründüyü kimi, Ermənistan özünə təhlükəli yol seçib. NATO-nun mənzil-qərargahında 30 sentyabr tarixində keçirilən görüş bunun aşkar göstəricisidir. Azərbaycan Ermənistanın apardığı müzakirələr və atdığı addımlardan xəbərdardır. İrəvanın NATO-nu hərbi qüvvələr yerləşdirmək üçün cəlb etmək siyasəti regionun təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Gürcüstanda siyasi sabitliyi pozmağa yönəlmiş cəhdlər və Azərbaycana qarşı hərbi niyyətlər yeni qarşıdurmaların yaranmasına və Cənubi Qafqazda gərginliyin daha da artmasına səbəb ola bilər. Ölkəmiz buna hazırdır və dəyişən geosiyasi reallıqlar fonunda milli maraqlarını qorumağa davam edəcək. Ermənistanın və onun Qərbdəki müttəfiqlərinin atdığı addımlardan qaynaqlanan hər hansı bir təhlükəyə qarşı mübarizə aparmaq üçün hər cür imkanlarımız mövcuddur.

//Milli.az

Seçilən
44
50
editor.az

10Mənbələr