AZ

Azərbaycana təzyiq etmək əbəsdir!

Vaşinqton isə “siyasi rıçaq” axtarışındadır...

“Vahid qütb olmaq” prinsipini XXI əsr üçün əsas prioritetinə çevirmiş “kollektiv Qərb” özünün geocoğrafi mənasını geopolitik mənaya dəyişib. Öz maraqlarını təmin etmək üçün fərqli suveren ölkələrə göstərilən təzyiqlər, müdaxilə mexanizmləri və təsirlər də fərqlidir - bəzi dövlətlərdə bu, güc və hərbi yola, bəzi dövlətlərdə “yumşaq güc”ə, bəzi dövlətlərdə isə “reformatik cəmiyyəti”, “demokratik dünya”, “hüquq və azadlıqların keşikçisi”, “siyasi orbitr”, “siyasi məhbusların müdafiəçisi“ kimi fərqli adlar altında qurulan antitəbliğata söykənir. Açıq hərbi müdaxiləyə imkanı olmadığı, “yumşaq güc”ün işləmədiyi suveren subyektlərə məhz sonuncu yolla müdaxilə imkanı araşdırılır. Beləliklə, “Qərb neokonsolidasiyası” XXI əsr üçün özünün strateji-taktiki proqramlarını ortaya qoyur -aktual olan çağırışlar, mühüm qlobal təşəbbüslər, tədbirlər, beynəlxalq miqyaslı toplantılar Qərb üçün “fürsət anı” sayılır. Qərbin nankor və riyakar siması məhz bu kimi anlarda üzə çıxır...

Korporativ marağa əsaslanan “sanksiya” siyasəti...

Diqqət yetirsək, bir çox hallarda “Qərbin marağı” sanksiyalar, qərarlar və ya qətnamələr üzərindən yürüdülür - bu amillər Qərbin əsrlərlə davam etmiş “təsir imkanlarının” yeni istiqamətlərini müəyyənləşdirir. “Beynəlxalq təsisatın” və ya “parlamentin” qərarı adı altında xüsusi maraq qruplarının işləməsi bütün çılpaqlığı ilə ortadadır. Qeyri - rəsmi struktura malik, lazım olmayan anda “tövsiyyəçilikdən” uzağa getmədiyi iddia edilən, amma gərəkdiyində “sanksiyaya” çevrilən müraciətlər Qərbin əsl simasını ortaya qoyur. Bir sözlə, Qərb özünə lazım olmadığı halda məsələyə “kor”, özünün maraqları müzakirə predmeti olanda “iti” bucaq altında yanaşma nümayiş etdirir. 

Azərbaycana münasibətdə də bəzən bu kimi halları aydın görürük: məsələn, ABŞ konqresi tərəfindən qəbul edilən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş 2001-ci ildə dayandırıldı. Adıçəkilən sanksiya 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxtı aradan qaldırılmışdı. ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyalar ləğv edildi - yalnız ondan sonra sanksiyalar yenidən tətbiq olunmağa başladı. Halbuki bu düzəlişin özü başlanğıcdan səhv və ədalətsiz qərar idi - işğala məruz qalan ölkə olduğu halda, Azərbaycana birbaşa dövlət yardımı məhz bu sanksiya ilə qadağan edilirdi. İşğalçı, təcavüzkar Ermənistan isə bu sanksiyadan kənarda qalmışdı...

Vaşinqtonun məkrli yolu...

İndiki məqamda isə ABŞ başqa bir “istiqamətlə” təsir etməyə niyyətlənib. Oktyabrın 3-də ABŞ-ın 60-a yaxın ermənipərəst konqresmeninin dövlət katibinə müraciəti ortadadır - bu dəfə COP29 iqlim sammiti ərəfəsində yenidən böhtan və yalanlarla silahlanaraq Azərbaycana qarşı səlib yürüşünə başlayırlar. Koordinat isə eynidir: Qərb yenə özünün qondarma “istinad priyomlarını” işə salır - Azərbaycan “siyasi məhbus” məsələsi kimi yalan və şər məsələ ilə şantaj edilir. Ermənistanın “yarımçıq və məqsədli” sülh “çağırışlarının” əsl üzünün ifşa edilməsi prosesi hədəfə alınır. ABŞ-ın bu yalan iddialardan yalnız və yalnız “siyasi dəyənək” kimi istifadə etməyə çalışdığı bütün komponentləri ilə ortadadır. Buna Azərbaycan dövləti və cəmiyyəti öz etirazını bildirib. Oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bildirmişdi ki, sanksiyalar siyasətinin ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə: “Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.
Paralel olaraq Azərbaycanın Milli Məclisin deputatları məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramova müraciətlərində bildirmişdilər ki, Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-ın ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir. Azərbaycanlı deputatlar Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi bəzi addımların həyata keçirilməsini xahiş etmişdilər ki, onların arasında qüvvədə olan ikitərəfli müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi də var. Beləliklə, ABŞ-ın ölkəmizə qarşı apardığı riyakar siyasi xətt bütün detalları ilə cəmiyyət tərəfindən görülür və pislənilir. 

Konqresmenlər ölkəsinin rəhbərliyindən Ermənistanı silahlandırma səbəbini niyə soruşmur? 

Halbuki, ABŞ Ermənistanı silahlandırmaqla, özünün hərbi kontingentini bu ölkədə yerləşdirməklə, İrəvanı hərbi təlimlərə cəlb etməklə sülhü təhdid etməkdədir. ABŞ silahlı qüvvələrinin ayrı-ayrı bölmələrinin təlimatçılarının Ermənistana ard-arda etdiyi səfərlər, son aylarda mütəmadi hal almış “hərbi təlimlər”, şərti Azərbaycan - Ermənistan sərhəddinə yığılmış əsgərlər və kəşfiyyat qurğuları, Aİ-nin “müşahidə missiyası” altında fəaliyyət göstərən Qərbin xüsusi hazırlanmış qrupunun sərhəddəki qaranlıq fəaliyyəti bölgədə sabitliyi hədəfə alır - ABŞ konqresmenləri niyə bu məqamlar haqqında sorğunu öz dövlətinin rəhbərliyinə yönləndirmir? Və ya ABŞ-ın Azərbaycandakı səfirinin real faktlara söykənən xəbərləri təkzib etməməsi, suallardan yayınması fakt deyilmi? - xatırladaq ki, ABŞ-ın Ermənistana iki təyyarə silah-sursat, eləcə də canlı əsgəri qüvvə gətirməsi ilə bağlı suala ABŞ-ın Azərbaycandakı səfiri aydın izahat verməmişdi və cavabını yayındırmışdı? 

Demək ki, Ermənistanla sülh prosesinin, normallaşma prosesinin tam baş çatması ABŞ-ın marağına cavab vermir - bu səbəbdən də, Vaşinqton COP29-u, yalançı “siyasi məhbus” oyununu “əlində alət edərək” yeni oyunlara start vermək niyyətindədir...

ABŞ-ın sabotaj cəhdi ...

ABŞ-ın COP29 kimi qlobal bir tədbirdən fürsət kimi istifadə edərək özünün çirkin niyyətlərini həyata keçirməyə çalışması beynəlxalq aləm tərəfindən də pislənir - bir sıra ölkələr Azərbaycana qarşı olan bu münasibəti ədalətli saymırlar. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb ölkələri iqlim dəyişmələri mövzusundan siyasi rıçaq kimi istifadə edirlər, lakin Azərbaycana təzyiq etmək əbəsdir. Onun sözlərinə görə, hər il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransı ərəfəsində Vaşinqton sədrlik edən dövlətə təzyiqi artırır. “Bu, klassik taktikadır. Biz bunu 2022-ci ildə Şarm Əl-Şeyxdəki Tərəflər Konfransı ərəfəsində müşahidə etmişik. Həmin vəziyyət keçən il Dubayda da baş vermişdi. İndi biz uydurma bəhanə ilə Azərbaycana təzyiqin necə artdığını müşahidə edirik”, - deyə diplomat qeyd edib.

“Azərbaycana təzyiq etmək əbəsdir. Müxtəlif məsələlərlə bağlı Azərbaycana dəfələrlə təzyiqlər göstərilib. Söhbət təkcə suveren dövlətlərə təzyiqin yolverilməzliyi ilə bağlı prinsipial mövqedən getmir, həm də ondan gedir ki, bu mövzu real olaraq mütəxəssislərin cəlb olunmasını tələb edir. Bu, ABŞ-ın sadəcə olaraq, özünə faydalı olan bir qərarı qəbul etdirmək məqsədilə hər kəsin başına vuracağı növbəti bir siyasi “dəyənək” olmamalıdır. Ortaya atılmış bu cür xəbərlərdən iqlim dəyişmələri ilə bağlı populyar mövzu ətrafında süni şəkildə ajiotaj yaratmaq üçün istifadə olunur”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.

Zaxarovanın fikrincə, reallıqda ABŞ və Qərb ölkələri iqlimin maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, həmçinin beynəlxalq karbon vahidləri bazarının yaradılması məsələsi üzrə konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər.


P.İSMAYILOV 

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr