Rəşad Ergün
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun vaxtı ilə Portuqaliya yığmasında birlikdə çalışdığı Kriştiano Ronaldoya məktubu.
“Əziz Ronaldo, vaxtaşırı mənə yazdığın, Azərbaycandakı işimlə maraqlandığın üçün təşəkkür edirəm.
Mənə burada yaxşı şərait yaradılıb, Azərbaycanın futbol federasiyasından diqqət və qayğı görürəm. Burada mənə çox hörmət edirlər. Bütün bunlardan çox razıyam, müqəddəs İsanın çarmıxa çəkildiyi taxtadan olan o xaça and olsun ki, heç bir şikayətim yoxdur.
Amma səninlə sırf futbol və azərbaycanlıların bu idman növünə olan münasibəti haqda danışsam, vəziyyət ərəbcədir. Bu ahıl yaşımda acizanə şəkildə etiraf edirəm ki, mən heç nə başa düşmürəm. Həyatında ilk dəfə ərəb əlifbası ilə tanış olan bir portuqal əyri-üyrü hərflərdən heç nə anlamadığı kimi mən də heç nə anlamıram.
Bu azərbaycanlı uşaqlar futbola aid ən elementar şeyləri belə, bilmirlər. Həyatımda ilk dəfədir ki, futbola bu qədər uzaq olan futbolçular görürəm. İşin pis tərəfi odur ki, burada məndən çox şey gözləyirlər. İşim gərəyi və etika naminə susuram. Yoxsa, bu adamlara “siz mənə hazır futbolçu vermisiz ki, nəticə də gözləyəsiz?” deməyi bir bilsən nə qədər çox arzulayıram.
Əziz Ronaldo, yəqin ki, Səudiyyə Ərəbistanında daha çox boş zamanın olar. Bilirəm, oralarda futbol və futbola yanaşma Avropadakı kimi deyil. Boş vaxtın olan kimi mənim baş məşqçisi olduğum Azərbaycan millisinin Estoniya ilə son oyununda vurulan qollara bax. Xahiş edirəm, xüsusən də, estonların vurduqları son qola diqqət et. Gör, mənim komandamın oyunçuları necə bir qol buraxırlar! Belə qolu nəinki peşəkar futbolçunun, hətta üzr istəyirəm, çobanın buraxması da ayıb olardı. Amma nə yazıq ki, bu ölkənin futbolçuları ayıb nədir, onu da bilmirlər.
Mən artıq başa düşmüşəm ki, azərbaycanlılarla heç nə mümkün deyil. Düzdür, dünyada çoxlu zəif komandalar var. Amma məsələ burasındadır ki, o zəif komandaları gücləndirmək, inkişaf etdirmək üçün perspektivlər olur. Azərbaycan milisi isə… Çox gecdir. Bu yaşda futbolçulara yenidən futbol öyrətmək üçün nə mənim zamanım var, açığı, nə də onların potensialı.
Əziz Ronaldo, bilirəm, deyəcəksən ki, əvvəldən araşdırmalı, Azərbaycana getməməli idin. Amma bilirsən, artıq 70 yaşım var, qazanmaq istədiyim çox şeyi qazanmışam. Həm fərqli bir ölkə, mədəniyyət görmək, həm də, gizlətməyəcəm, bu yaşda yaxşı pul qazanmaq imkanı varsa, onu itirməmək istədim. Ancaq mən haradan biləydim ki, futbol İngiltərədə yaranıbsa, məzarı çoxdan burada – Azərbaycanda qazılıb?
Çox peşmanam, səbirsizliklə müqaviləmin başa çatmasını gözləyirəm və başımı götürüb buradan qaçmaq istəyirəm. Təbii ki, azərbaycanlıların futbola olan yanaşması, oynadıqları hər nədirsə, həmin şey mənim bu qoca ürəyimi partladıb öldürməsə…
Əziz Ronaldo! Özünə yaxşı bax və dua elə ki, Səudiyyə Ərəbistanındasan, tale elə gətirə bilərdi ki, yolun Azərbaycana da düşə bilərdi.
Bu qocanı unutma. Hələlik!”
Qeyd: Bu, virtual məktubdur və yazarın təxəyyülünün məhsuludur.