AZ

İrəvan və Tehran üçün “əcəl zəngi”

Zəngəzur dəhlizi Ermənistanın razılığı olmadan açıla bilər. 

Ermənistanda “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan erməni mediasına müsahibəsində bildirib ki, Cənubi Qafqazın yeni arxitekturasını müəyyən edəcək Zəngəzur dəhlizinin açılmasında İrəvanın rolu nəzərə alınmayacaq. 

“Elə vəziyyət yaranıb ki, Qərb yol üçün bir variant, Rusiya başqa variant təklif edir. Ermənistan isə ona sərfəli, Rusiya ilə Qərb arasında münaqişə predmetinə çevrilməyəcək variantı təklif etmir.

Hamıya və hər şeyi “yox” deyirik. Bu, ona gətirib çıxaracaq ki, bütün məsələlər bizsiz, amma ərazimizdə həll olunacaq”, - deyə erməni ekspert vurğulayıb. 

Sərhədlərin dəyişdirilməsini özünün “qırmızı xətti” elan edən İrana gəlincə, Ovannisyan deyib: 

“Əvvəla, İran çox ciddi münaqişədə iştirak edir. İndiki vəziyyətdə onun bizi sona qədər qorumaq üçün kifayət qədər resursu və vaxtı olacaqmı? Həm də özü-özünü qorumadığı bir situasiyada. İkincisi, rəqibləriniz İranla daha geniş maraqlar çərçivəsində danışıqlar aparmaqla, eləcə də nədəsə güzəştə getməklə bu məsələdə istədiklərini əldə edə bilərlər. Üçüncüsü, İranla münasibətlərimiz yalnız bəyanatlar səviyyəsindədir, “dəmir zəmanət” deyil. Biz İranla, xüsusilə Zəngəzurda ciddi iqtisadi layihələr işləmirik”. 

Bəzi ekspertlər də ehtimal edirlər ki, Cənubi Qafqazda yeni kommunikasiya xətləri ilə bağlı məsələlər Ermənistanın rəyi nəzərə alınmadan həll olunacaq.

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, bu, Ermənistanla Azərbaycan arasında həll olunacaq məsələdir: 

“Hər bir halda bu yöndə siyasi qərar verəcək tərəf Ermənistandır.Əgər Ermənistan konkret qərar verərsə, yəni Azərbaycanla razılaşmaya gələrsə, dəhlizin açılması mümkün olacaq. Ancaq prosesə müdaxilə edən üçüncü və dördüncü tərəflər var. Bu tərəflər arasında kommunikasiya xətləri üzərində ciddi mübarizə gedir.

Moskvada MDB-nin dövlət başçılarının zirvə görüşündə Kreml rəsmiləri açıq şəkildə bəyan ediblər ki, regiondakı kommunikasiyaların açılması yalnız Rusiyanın iştirakı ilə baş tuta bilər. 

Bu, özündə bir hədə-qorxu xarakteri daşıyır. Başqa bir tərəfdən, prosesdə Rusiyanın iştirakını istəməyən Qərb güc mərkəzləri, xüsusilə ABŞ amili var. Məlumdur ki, Zəngəzur dəhlizi ilə bağlı proses məhz ABŞ-nin müdaxiləsinə görə ləngiyir”. 

Ekspert xatırladıb ki, ortada Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan üçtərəfli Bəyanat var: 

“Həmin Bəyanatın 9-cu müddəasında qeyd olunur ki, Ermənistan ərazisində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət edəcək. 

Vaşinqton bu müddəaya Ermənistanda özünün gələcək maraqlarının təmin olunmasına əngəl kimi baxır. Buna görə də Paşinyan hakimiyyəti Qərbdəki dairələrin təlimatları əsasında müxtəlif bəhanələr gətirməklə 9-cu müddəanı icra etməkdən boyun qaçırır”. 

Ekspert onu da əlavə edib ki, ABŞ regional kommunikasiyalar məsələsində Azərbaycandan daha çox Ermənistana əhəmiyyət verir:

“Çünki Ermənistan “zəif bənd”dir və Vaşinqton bu bənd üzərindən Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək niyyətindədir”. 

Erməni ekspert Vahe Ovannisyanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə gəlincə, N. Miri vurğulayıb ki, bu məsələ İrəvanın rəyi nəzərə alınmadan da həll oluna bilər. 

“Hər bir halda Ermənistan bu prosesdə iştirak edir. Amma regionda elə bir siyasi vəziyyət yarana bilər ki, Ermənistanın rəyi nəzərə alınmadan Zəngəzur dəhlizi Rusiya, Azərbaycan və Türkiyənin birgə siyasi qərarı əsasında açılar. Bu, ABŞ-Rusiya qarşıdurması kontekstində də baş tuta bilər. 

Xüsusi bir məqamı qeyd edim ki, İrəvan və Moskva arasında əldə olunan razılaşmaya görə, 2025-ci ilin yanvarın 1-nə qədər Ermənistanın Türkiyə və İranla sərhədlərini mühafizə edən rus hərbçiləri ərazini tərk edəcək və sərhədlərin təhlükəsizliyini Ermənistan sərhəd qoşunlarının nəzarətinə veriləcək. 

Ermənistanın İranla sərhəd ərazilərindən rus qoşunları geri çəkildikdən sonra ABŞ Zəngəzur dəhlizi üzərində öz nəzarət mexanizmlərini tətbiq etməkdə iddialı olacaq. ABŞ, o cümlədən Fransa da Ermənistanda Rusiyanı əvəz etmək istəyir. Əgər İrəvan ABŞ-nin Ermənistanda möhkəmlənməsinə imkan verərsə, bu, Azərbaycan, Türkiyə, Rusiya və İranın geosiyasi, geostrateji və təhlükəsizlik maraqlarına zidd olacaq”. 

Ekspertin qənaətinə görə, bu, Ermənistanın rəyi nəzərə alınmadan onun ərazisində dəhlizin açılmasını mümkün edə bilər. İranın mövqeyinə toxunan N. Miri hesab edir ki, Tehranın bu məsələdə mövqeyi şişirdirməməlidir: 

“Əgər İran Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışarsa, regionda sabitliyə qarşı addımlar atarsa, regional platformalardan kənarlaşdırılacaq. Belə bir vəziyyətdə İranın nə deməsindən asılı olmayaraq, onun rəyi nəzərə alınmayacaq. Əvvəl-axır İran regionda reallığı qəbul etmək məcburiyyətində olacaq. Həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan dəhlizin açılmasında maraqlıdır. 

Həmçinin Ermənistan Qərb havadarları tərəfindən dəhlizin açılmasına vadar edilərsə, İrəvan buna əməl edəcək. Bu halda İranın qırmızı xəttindən əsir-əlamət qalmayacaq”. 

phrase_var_article.chosen
74
50
cebheinfo.az

10phrase_var_article.sources