2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Milli Məclisinin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatı seçilmiş Səbinə Salmanova ilk vətəndaş qəbulunu keçirib.
Sumqayıt şəhərindəki Muğam Mərkəzində seçicilərlə fərdi qaydada görüşən millət vəkili ona ünvanlanan sualları və müraciətləri dinləyib, seçiciləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Qəbulda iştirak edən vətəndaşlar arasında şəhid ailəsi üzvləri, müharibə veteranları da olub.
Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq və sosial məsələlərlə bağlı millət vəkilinə müraciət ediblər.
Qəbul əsnasında bir sıra məsələlər yerindəcə həll edilib. Eyni zamanda qaldırılan bir sıra məsələlər nəzarətə götürülüb, bəzilərinin həlli istiqamətində isə tövsiyələr verilib.
Deputat bildirib ki, seçicilərin ona müraciət etdiyi məsələlərin ən qısa müddətdə müsbət həllinə çalışılacaq.
Həmçinin Səbinə Salmanova seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, dövlət başçısının tapşırığı əsasında vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkəmizdə həyata keçirilən işlər haqqında məlumat verib.
Səmimi şəraitdə keçirilmiş qəbulda seçiciləri maraqlandıran bir sıra məsələlərin həlli yolları da müzakirə olunub.
Qeyd edək ki, bəzi seçicilər işləri ilə əlaqədar Səbinə Salmanovadan bu ay ərzində nəzərdə tutulmuş vətəndaş qəbullarını həftənin bazar gününə daxil etməyi xahiş ediblər. Millət vəkili isə seçicilərin xahişini məmnuniyyətlə qəbul edib.
Deputatın bu ay üçün növbəti vətəndaş qəbulu da gələn həftənin bazar günü - oktyabrın 20-də Sumqayıt şəhərindəki Muğam Mərkəzində olacaq.