AZ

"Biz o cür xəbərləri tirajlamamalıyıq, paylaşmamalıyıq, diqqət çəkməməliyik" - EKSPERT FİKRİ

"Azərbaycanın hava yolu ilə digər ölkələrə silah daşınması ilə bağlı hər hansı sosial şəbəkə resursunda yayılan xəbər həqiqətə uyğun deyil". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Ceyhun Musaoğlu deyib.

O bildirib ki, Azərbaycan öncədən də elan edib ki, ümumiyyətlə, regionda, heç bir ölkədə müharibə olmasını istəmir: "Sülh gündəliyini Cənubi Qafqazda Azərbaycan yaradıb. 30 illik işğala Azərbaycan son qoyub, apardığı müharibəni də bütün müharibə qaydalarına uyğun aparıb. Qısa müddətdə də torpaqlarını işğaldan azad edib. Ondan öncə və sonra da, həmin dövrdə də heç bir ölkədən silah almayıb, heç bir ölkəyə qeyri-qanuni silah göndərmir. Bunlar hamısı dövlətlərarası münasibətlərlə tənzimlənən məsələlərdir. Bu kimi məsələlərdə hər hansı bir informasiya xarakterli, məlumat xarakterli paylaşımlar olursa, rəsmi mövqeyə əsaslandırılmalıdır. Müdafiə Nazirliyinin, müvafiq qurumların mövqeyi öyrənilməlidir. Əgər onlar bunu təkzib edirlərsə, bu tipli xəbər ümumiyyətlə yayılmamalıdır. Çünki bu, həm də dövlət sirri əhəmiyyəti daşıyan xəbərlər kateqoriyasına aiddir".

"Bir ölkədən başqa ölkəyə silah verilməsi xəbərinin yayılması belə nə qədər doğru olsa da, yenə də belə xəbərin yayılması doğru deyil. Konkret olaraq hansısa internet resursunda Azərbaycanın hava yolu ilə hansısa ölkəyə silah göndərilməsi məsələsi, təbii ki, dezinformasiyadır. Belə informasiyalarla mübarizə aparmağın yeganə yolu budur ki, mötəbər, rəsmi mənbəyə istinad olunsun. Tutaq ki, o xəbərdə hər hansı rəsmi mənbə, qarşı tərəfin mövqeyi yoxdursa, deməli, o, dezinformasiya xarakterli xəbərdir. Biz o cür xəbərləri tirajlamamalıyıq, paylaşmamalıyıq, diqqət çəkməməliyik. Çünki ciddi saytlar, ciddi media orqanları heç vaxt jurnalistikanın prinsiplərini bu dərəcədə açıq şəkildə pozan addımlar atmırlar, yazılar dərc etmirlər. Ona görə də fərq də ondan ibarətdir ki, ciddi media ilə, qeyri-ciddi sosial şəbəkə resursları arasında fərq hüquqi baxımdan da, fiziki baxımdan da, peşəkarlıq baxımından da çoxdur. Əsas fərq ondan ibarətdir ki, ciddi saytlar mütləq jurnalistikanın prinsiplərini qoruyaraq hər hansı xəbər yazarlar. Ona görə də bu tipli xəbərlərə qarşı mübarizə yalnız bu tipli xəbərlərin tirajlanmaması olardı" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
40
sia.az

1Mənbələr