AZ

"Santuş heç nə demədi. Uşaq deyilik ki..." - Mahir Emreli

style='margin-bottom:10px;'>

Milli komandamızın hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının dördüncü turu çərçivəsində Slovakiyaya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- 1:3 hesablı məğlubiyyəti necə şərh edərdin?

- Qırmızı vərəqəyə qədər hər şey yaxşı idi. Azlıqda qaldıqdan sonra oyun qırıldı. Matç haqqında deyəcəyim başqa bir şey yoxdur.

- Necə düşünürsən, hakimin sənə göstərdiyi hər iki sarı vərəqə doğru idi? 

- Ardıcıl 3 oyunda qələbə qazana bilməyəndə emosional olursan. Xüsusən də bir gün qabaq azarkeşlərin gəlib bizi coşdurması, söhbət etmələri qarşılığında emosiyalara qapılırsan, istəyirsən daha yaxşı olasan, daha yaxşı nəticə qazanasan. İlk sarı vərəqədə kobudluq etməmişdim. Hakim niyəsə rəqibə bir az üstünlük verirdi. Bəhanə etmək istəmirəm. Bu məğlubiyyətin əsas səbəbi qırmızı vərəqədir. Buna görə başımı aşağı salıb, dilxor olmayacağam. Çünki qarşıda hələ oyunlar var. Həm millidə, həm də klubda. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı nəticələr üçün meydana çıxacağıq. 

- Baş məşqçi komandanı meydanda azlıqda qoyduğun üçün sənə nəsə dedi?

- Yox, heç nə demədi. Onsuz da uşaq deyilik ki, özümüz hər şeyi başa düşürük. Peşəkar futbolçuyuq, gənc perspektivli deyilik ki. Düşünəcəm. Bəlkə daha yaxşı ola bilərdi həmin epizodda. Bir qədər ötürmə səhv getdi deyə əks hücumdan narahat oldum və öz yerimdən o mövqeyə qaçdım ki, komandaya kömək edim. Rəqib futbolçu da həmin epizodda ağıllı davrandı. Mən düşündüm ki, sürət yığar, amma o dayandı. Cəriməni özü qazandı. 

- 4 oyun, 4 məğlubiyyət... Millətlər Liqasında heç vaxt belə uğursuz start olmamışdı... 

- Daha əvvəl 5 oyun, 5 qələbə də olmuşdu. Əlbəttə, məğlubiyyət adama təsir edir. Xüsusən də bu cür oyunlarda. Estoniyada matçın əvvəlində, Slovakiya ilə görüşün ikinci hissəsində üstün tərəf biz idik. Belə oyunlarda məğlub olanda adama toxunur. Ələlxüsus da səbəbkar sən olduğun halda. Slovakiya yüksək səviyyəli komandadır. Onların son Avropa çempionatında İngiltərə ilə oyunlarını hər kəs görüb. Xalqımızdan, rəhbərlikdən, komandadan üzr istəyirəm. Futboldur, olur. Bilmirəm üzr istəmək nə dərəcə doğrudur. Sadəcə bilsinlər ki, futbolçuyuq, səhvlərimizi analiz edirik və daha yaxşı olmaq üçün çalışırıq. 

- Noyabrdakı oyunlarda vəziyyəti dəyişmək mümkün olacaq?

- Son 2 oyunda, xüsusən də Estoniya ilə matçda əlimizdən gələni edəcəyik. Vəziyyəti düzəltmək öz əlimizdədir. Estonlara qarşı evdə oynayacağıq. Bu da üstünlükdür. Səhvlərimizi analiz edib qarşıdakı 2 matça daha yaxşı hazırlaşacağıq.

- “Nürnberq”də (Almaniya) işlərin necədir?

- Son qələbədən sonra yaxşıdır, pozitivlik artıb. Bu həftə derbi var. Ona hazırlaşacağıq. Çalışıram ki, komandaya daha tez adaptasiya olum. Zədədən qayıtdıqdan sonra son 2 oyunda start heyətində yer aldım. Uyğunlaşmağa başlamışam. Allah zədədən qorusun. Qalan şeylər düzələcək.

Seçilən
55
50
teleqraf.com

10Mənbələr