AZ

Pekində COP29-dan danışılıb

Çinin “Phoneix” televiziyasının təşkilatçılığı ilə “İqlim Ambissiyaları və Qlobal Fəaliyyət” mövzusunda “2024 Sıfır karbon missiyası” beynəlxalq iqlim konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, Çinin müvafiq qurumlarının dəstəyi ilə keçirilən tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan əsas qonaq qismində iştirak edib. Adətən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarından əvvəl keçirilən “Sıfır karbon missiyası” beynəlxalq iqlim konfransı Çində bu sahədə əsas müzakirə platformalarından biri hesab olunur. Builki tədbir panel müzakirələr və “COP29: Gəlin Bakıda, Azərbaycanda görüşək” adlı mərasimdən ibarət olub.

Tədbirdə Çinin dövlət qurumlarının, həmçinin qeyri-hökumət təşkilatlarının, elm ocaqlarının, beyin mərkəzlərinin nümayəndələri, diplomatlar iştirak ediblər. Müzakirələr zamanı iqlim dəyişikliyi təşəbbüsləri, qlobal emissiyaların azaldılması yolları, birgə mübarizə strategiyaları ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə milli, regional və qlobal miqyasda verdiyi töhfələrdən, ölkəmizdə yaşıl inkişaf, yaşıl keçiddən danışıb, iqlim maliyyəsi məsələsinin COP29-da danışıqların mühüm hissəsi olacağını deyib. Bildirib ki, Prezident İlham Əliyev 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. B.Hüseynov işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirildiyini, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə kimi sıfır emissiyalı zonaya çevriləcəyini bildirib.

Diplomat Çinin yaşıl inkişaf sahəsindəki zəngin təcrübəsini və qabaqcıl texnologiyasını nəzərə alaraq Azərbaycanın bu ölkə ilə sözügedən sahədə əməkdaşlığa xüsusi önəm verdiyini, Azərbaycanda həyata keçirilən “yaşıl enerji” layihələrində Çin texnologiyasından geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Sammit çərçivəsində müxtəlif mövzularda panel müzakirələr aparılıb.

Seçilən
11
2
ikisahil.az

3Mənbələr