AZ

Naxçıvan Dövlət Milli Dram Teatrı "Qonaq Teatr" layihəsi çərçivəsində Bakıda çıxış edib

Bakı, 21 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə "Qonaq Teatr" layihəsi çərçivəsində noyabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı "Edama məhkumun son günü" (Viktor Hüqo) psixoloji dramı ilə Bakıda tamaşaçılar qarşısında çıxış edib.

Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə oynanılan tamaşa görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşada edama məhkum edilmiş şəxsin son günündə keçirdiyi duyğular əks olunur, edamla yanaşı, yazılmamış iyrənc və rəzil qanunlar, bu cür qanunların fiziki ağrılardan daha çox mənəvi ağrılara səbəb olması ön plana çəkilir.

Tamaşadan sonra Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Naxçıvan Dövlət Milli Dram Teatrını yubiley münasibətilə təbrik etdi, teatrın keçdiyi şərəfli inkişaf yolundan danışıb.

Sonra Naxçıvan Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 140 illiyi münasibətilə, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov anadan olmasının 65 illiyinə görə, teatrın baş rejissoru Mir Qabil Əkbərov “Edama məhkumun son günü” tamaşasının uğurlu quruluşu münasibətilə İttifaqın Fəxri fərmanı ilə təltif edilib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
391
1
azertag.az

3Mənbələr