AZ

Alvaro Morata: “Hətta ən yaxşı oyunçular da belə səhv edirlər”

İspaniya yığmasının kapitanı Alvaro Morata UEFA Millətlər Liqasının qrup mərhələsinin Serbiya yığması ilə ev oyununda penaltini qaçırıb.

Arena.az xatırladır ki, təcrübəli forvard A Liqasının 4-cü qrupu çərçivəsində doğma meydanda baş tutan oyunun 54-cü dəqiqəsində penaltidən yararlana bilməyib.

“Milan”da çıxış edən İspaniya yığmasının kapitanı matçdan sonra penaltini qaçırması ilə bağlı sualı cavablayıb. İspan futbolçu həmin epizoda belə şərh verib:

“Mən “nöqtə” üzərinə çox sərt basdım və sahədə çala açdım. Hətta tarixin ən yaxşı oyunçuları belə, səhv edirlər”, deyə Morata bildirib.

Qeyd edək ki, Alvaro Morata 54-cü dəqiqədə penaltini qaçırsa da, 11 dəqiqə sonra qolla fərqlənib və hesabı 2:0 edib.

Yeri gəlmişkən, İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente də penaltini dəqiq yerinə yetirə bilməyən Morata haqda danışıb. O, hücumçuya dəstək nümayiş etdirib:

“Bu axşam özümü həqiqətən xoşbəxt hiss etmək istəyirəm. Bütün stadion Morataya layiq olduğu hörməti və sədaqəti göstərdi. O, nə qədər vacib olduğuna görə tanınmağa layiq bir oğlandır. Morata paltardəyişmə otağımızda həqiqətən sevilən bir oyunçudur”, deyə Luis de la Fuente bildirib.

Qeyd edək ki, İspaniya yığması Serbiya ilə ev oyunundan 3:0 hesablı möhtəşəm qələbə ilə ayrılıb.

4 turdan sonra İspaniya yığması UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunun yarış cədvəlinə başçılıq edir. Digər komandalar isə belə sıralanıblar: Danimarka (7 xal), Serbiya (3 xal), İsveçrə (1 xal).

Seçilən
15
arena.az

1Mənbələr