AZ

MY Ferqyusonla müqaviləni ləğv etdi: “Bu, qalmaqaldır”!

“Mançester Yunayted”in yeni həmsahibi INEOS şirkəti klub tarixinin ən uğurlu məşqçisi olan ser Aleks Ferqyusonla müqaviləni ləğv edib.

Arena.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən şirkət klubdakı xərclərin azaldılması proqramını davam etdirərək, Ferqyusona da pul ödəməkdən imtina edib.

Xatırladaq ki, Ferqyuson 26 il “Mançester Yunayted”ə rəhbərlik edib və bu komanda ilə 38 kubok qazanıb. O, 2013-cü ildə baş məşqçi vəzifəsindən getdikdən sonra klubda qlobal səfir və icraçı olmayan direktor kimi illik maaşla saxlanılıb.

Ferqyusonla klubun səfiri kimi müqavilənin yeganə rəsmi qeydi 2014-cü il hesabatlarında görünür. Onlara əsasən, şotlandiyalı mütəxəssis 17 oktyabr 2013-cü ildə müqavilə imzalayıb və 2,16 milyon funt-sterlinq (2,82 milyon dollar) alıb.

INEOS-un rəhbəri Cim Retklif şəxsi söhbətdə Ferqyusona müqavilənin ləğv edilməsi barədə məlumat verib. Qeyd olunur ki, məsələ sülh yolu ilə həll edilib. 82 yaşlı Ferqyuson klubun icraçı olmayan direktoru kimi qalacaq və klubun oyunlarına gələ biləcək.

INEOS bu ilin fevralında “Mançester Yunayted”in səhmlərinin 27,7 faizininin sahibi olub. Şirkət büdcənin optimallaşdırılması çərçivəsində klubda 250 iş yerinin ixtisarı barədə niyyətini açıqlayıb.

Yeri gəlmişkən, “Mançester Yunayted”in keçmiş hücumçusu Erik Kantona “qırmızı şeytanlar”ı komandanın əfsanəvi çalışdırıcısı Aleks Ferqyusona pul ödəməyi dayandırmaq qərarına görə tənqid edib.

“Ser Aleks Ferqyuson ölənə qədər “Mançester Yunayted”də istədiyi hər şeyi edə bilməlidir. Klubun bu qərarı hörmətsizliyi göstərir. Bu, tamamilə qalmaqaldır! Ser Aleks Ferqyuson həmişə mənim rəhbərim olacaq. Mən isə “Mançester Yunayted”in bütün rəhbərlərini böyük bir nəcis torbasına atacağam”, deyə Kantona özünəməxsus üslubda dilini işə salıb.

Seçilən
1
1
arena.az

6Mənbələr