Bakıda insanların ən çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri də metrodur. Ancaq yaranan sıxlıqlar bəzən texnikaya zərər verə bilir. Hətta bir neçə dəfə vaqonların qapısında problem yarandığından intervalda gecikmələrin olduğu kimi xəbərlər vermişik.
Bəs metrolarda texniki baxış necə keçirilir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, Bakı metropoliteninin qatarları hər birisi normativ tələblərə uyğun olaraq baxışa cəlb olunur.
"Qatarlar 12-20 saat ərzində xəttə olur. Təbii ki, bu 12-20 saata əksərən səhər, günorta və axşam sıxlıqları da daxil olur. Hər bir qatar depoya daxil olarkən mütləq qaydada texniki baxış, xidmət və qulluqdan keçir və təbii ki, normativlərə uyğun olaraq təmir növlərinin də vaxtı çatırsa, onlar da vaxtı-vaxtında aparılır. Əlavə olaraq təyin olunan texniki baxış, qulluq məhz qapılar da daxil olmaqla, demək olar ki, böyük əksər qovşaqları əhatə edir. Yəni qulluğun, xidmətin növündən asılı olmayaraq mütləq qaydada müvafiq qovşaqlar, xüsusən də qapılar texniki baxışdan keçirilir. Lakin gün ərzində bilirsiniz, Bakı metropolitenində sıxlıq müşahidə olunur və bu sıxlıqda təbii ki, hər bir vaqonda hərəkət edən sərnişinlərin qapıya fiziki təsirlərinin özünəməxsus nəticələri də ola bilər. Bununla belə, hər bir maşinist eyni zamanda sonuncu stansiyalarda olarkən qapıların bir daha yoxlamadan keçirilməsini təmin edir".
Onun sözlərinə görə, texniki problemlər maşinist kabinasında idarəetmə pultunda göstərilir.
"Bundan əlavə olaraq onu qeyd edim ki, son illərdə bu kimi nasazlıqların belə sayı əsaslı şəkildə azalıb. Bunun da əsas səbəblərindən biri Bakı metropolitenində köhnə nəsil qatarlarda, müasir qatarlarda olduğu kimi, qapı sistemi dünyanın ən etibarlı, mövcud texniki təchizat baxımından aparıcı sistemləridir. İtaliya istehsalı olan qapı mexanizmləri, pnevmatik sistemi quraşdırılır və bu da təbii ki, ümumi götürdükdə müsbət təsirini göstərir. Amma təbii ki, vaqon da bir texnikadır, gün ərzində müxtəlif fiziki təsirlər olarsa, bunun belə neqativ təsirlər nəticəsində sıradan çıxma ehtimalları olur və bunlar da xüsusi olaraq Bakı metropolitenində araşdırılır. İstehsalçılarla lazımlı qaydada bununla bağlı müzakirələrin hər birisi təşkil olunur. Qeyd edim ki, yeni quraşdırılan qapı sistemində Bakı metropoliteninin köhnə nəsil qatarları əsaslı təmir olunarkən, idarəetmə sisteminin optimal, avtomatlaşdırılmış avadanlıqları ilə təchiz olunduğundan, qapıda baş verən bütün proseslərin hər birisi maşinist kabinasında idarəetmə pultunda özünü büruzə verir. Bu da o baxımdan müsbət qiymətləndirilə bilər ki, yəni bu proseslərin hər birisi sərnişin təhlükəsizliyi baxımından dərhal reaksiyanın verilməsi və maşinistin vəziyyəti qiymətləndirilməsi üçün əlavə bir dəstəkdir. Təbii ki, vaxtında qərarların verilməsi bu və digər tədbirin görülməsinə kömək edir", - deyə B.Məəmədov bildirdi.
Türkan İSGƏNDƏRLİ