AZ

“Erməni rəsmiləri, siyasətçiləri söz oyunu ilə məşğuldurlar”- Millət vəkili

“Erməni rəsmiləri, siyasətçiləri söz oyunu ilə məşğuldurlar. Onlar sülhdən yayınmaq üçün müxtəlif yollara əl atırlar. Əlbəttə ki, bütün bunlar Azərbaycanın sülhə qarşı olması imicini yaratmaq və yekunda məqsəd ölkəmizlə sülhün mümkünsüzlüyünə dair görüntü formalaşdırmaqdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunmasından başqa bir şey deyil:

“Ermənistan yenə sülh gündəliyindən uzaqlaşmaq istəyir. Buna həm gündəliyə əlavə elementlər qatmaqla, həm də sülh sazişinin natamam formada imzalanmasına nail olmaqla çalışır. Azərbaycan dövlətinin isə mövqeyi bəllidir. Belə ki, Prezident İlham Əliyev Belçikanın ölkəmizdəki yeni səfiri ilə söhbət zamanı bildirib ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” formada qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini qeyd edib.

Ermənistan hakimiyyətinin, o cümlədən, baş nazir Nikol Paşinyanın sülh gündəliyi üzrə ən prinsipial tələbi, daha doğrusu İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən
boyun qaçırmaq əzmi açıq – aşkar görünən mənzərədir. Bütün hallarda Azərbaycan hökuməti Ermənistan hakimiyyətindən 10 noyabr Bəyanatının bütün maddələrinə əməl etməyi gözləyir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr