AZ

“Yığmada çatışmayan milli ruh, futbola sevgi və azarkeşlərə hörmətdir”

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlunun futbolinfo.az saytına müsahibəsi

– Milli komandamız Millətlər Liqasında səfərdə Estoniyaya, ardınca isə Bakıda Slovakiyaya uduzdu. Məğlubiyyətlərin səbəbini nədə görürsünüz?

– Millimiz bəzi epizodlarda pis oynamırdı, sürətli kombinasiyalar qurmaq istəyirdi, mübarizə aparırdı. Ən azından, komandamız həvəsli görünürdü. Məğlubiyyətlərin ümumi səbəbi odur ki, milli üzvlərimizin səviyyəsi Avropada uğur qazanmaq üçün kifayət etmir. Qol epizodlarını məntiqi sonluğa çatdıra bilməmək, müdafiədə qolla nəticələnən uşaq səhvləri buraxmaq, adi epizodlarda yanlış ötürmələr vermək, individual texniki səhvlər aşağı keyfiyyətdən irəli gəlir. Nəticədə millimiz məğlubiyyətlərlə üzləşir.

– Slovakiya ilə görüşdə sizin mövqeyinizdə çıxış edən və Polşada oynamaq baxımından davamçınız olan Rahil Məmmədovun avtoqola imza atmasını necə qarşıladınız?

– Rahil yaxşı oyunçudur. Azərbaycanın bütün klublarında rahatlıqla oynaya bilər. Bildiyim qədərilə, Polşada da pis təsir bağışlamır. Açığı, millinin özündə də pis çıxış etmir. Amma keyfiyyət baxımından daha yaxşı olmalıdır. Avtoqola gəlincə, məncə, həmin epizodda bir az mövqe səhvi etdi. Ancaq bu, futboldur, kənardan baxan üçün hər şey asan görünür. Meydançada isə vəziyyət tamamilə başqadır. Bir anda hər şey dəyişə bilər.

– Millətlər Liqasında 4 oyun, 4 məğlubiyyət. Fernandu Santuşdan belə başlanğıc gözləyirdiniz?

– Təbii ki, bu cür startı heç kim gözləmirdi. Hamı millimizin uğur qazanmasını istəyir. Hər dəfə yığmamız uduzanda “keçmiş olsun, növbəti dəfə alınar” deyirik, amma alınmır. Niyə alınmır? Bu, artıq başqa mövzudur.

– Yığmamız Millətlər Liqasında D liqasına düşmək təhlükəsi ilə üzləşib. Sizcə, bu təhlükədən xilas ola biləcəyik? Millətlər Liqasındakı son 2 oyundan hansı nəticəni gözləyirsiniz?

– Turnir vəziyyəti baxımından son 2 turun oyunları çox maraqlı keçəcək. Açığı, İsveçlə matçdan yaxşı nəticə ilə ayrılacağımız çətin görünür. Amma estonlarla Qəbələdəki görüş bizim üçün böyük önəm kəsb edəcək. Çünki nə biz, nə də estonlar D liqasına düşmək istəyirik. Bu oyun finala bərabər olacaq. Ümid edirəm ki, millimiz Estoniyanı lazım olan hesabla məğlub edəcək və C liqasında qalacaq.

– Uzun illər millidə oynamısınız. Hazırkı yığmamızda əsas çatışmayan nədir?

– Keyfiyyət problemi həmişə olub, onu bir kənara qoyaq. İndiki yığmada ən çox çatışmayan milli ruh, futbola sevgi və azarkeşlərə hörmətdir. Sanki hazırkı milli futbolu azarkeşlər üçün oynadığını unudub, çox həvəssizdirlər. Bu qrupda heç olmasa 1-2 görüşü əzmkarlıq hesabına qələbə ilə bitirmək olardı. Amma bunun üçün lazım olan milli ruh hazırda yoxdur. Əvvəl bəzi oyunlarda futbolçular yığılıb, bütün güclərini meydanda qoyaraq qələbə qazanırdılar. Buna görə də azarkeşlər stadiona həvəslə gəlirdilər. Getdikcə azarkeşlərin futbola marağı itir.

– Millətlər Liqasında məğlubiyyətləri sıralayan yığmamızdan seçmə mərhələdə nə gözləyə bilərik?

– Belə getsə, təbii ki, heç nə gözləmək olmaz. Hazırkı reallıq budur və biz bununla barışacağımız halda, lap uçuruma düşəcəyik. Azərbaycan futbolundakı problemlər sürətli şəkildə öz həllini tapmalıdır. Hansı problemlərin olduğunu hamı çox gözəl bilir. Birləşərək Azərbaycan futbolunun problemlərini planlı şəkildə həll etməyə başlamalıyıq.

ABBAS

Seçilən
8
futbolinfo.az

1Mənbələr