AZ

Heç vaxt heç yerdə unudulmayacaq şəxsiyyət vəsiqəsi...

Bəlkə də, o gün sabah üçün tort da sifariş edilmişdi. Bəlkə də, məclisin menyusu da hazır idi. Adətən belə olur axı – yarpaq dolması, aş, bir də ev şəraitində hazırlanmış kompot…

Hədiyyələr də seçilməmiş olmazdı. Bəlkə də, qırmızı rəngli don və ya bir cüt ayaqqabı…

Tortun üzərindəki şamların rəqəmi 15 olacaqdı…

Sadəcə, olacaqdı, olmadı…

Nigarın taleyindəki rəqəmlər o gecə saat 01:00-ı göstərəndə birdən-birə sıfırlandı.

O gecə həmin saatda ermənilərin Gəncəyə atdığı raket Nigar Əsgərovanın gələcəkdəki bütün doğum günləri ilə bağlı arzularının ssenarisini paramparça elədi.

Raketin təsirindən təkcə paramparça olanlar insanlar, daşlar, binalar deyildi, həm də Nigarın şəxsiyyət vəsiqəsi idi.

Heç vaxt bu vəsiqəyə öz sənədim kimi yanaşmamışam. Mənim vəsiqəm bütöv, cibimdə olsa da, etibarlılıq müddəti bir tarixə qədərdir.

Amma bu elə deyil. Paramarçalığı ilə özlüyündə Azərbaycanın ərazi bütövlüyü əbədiyyən tamamlayır.

Məsələn, orada qanunauyğun olaraq doğulduğu yer Gəncə yazılıb. Amma mən hər dəfə baxanda bəzən Xankəndi, bəzən Şuşa, bəzən də Xocalı görürəm…

Sıradan şəxsiyyət vəsiqəsi yox, Şəxsiyyətin vəsiqəsidir - Azərbaycanın pasportudur!

Tarixi pasport!

Kimsə harasa gedəndə vəsiqəsini evdə unuda bilər. Amma bu vəsiqəni heç vaxt unuda bilməz...

Emin Səfərov

Seçilən
19
qafqazinfo.az

1Mənbələr