AZ

Şəhid jurnalistlərə həsr olunan videoçarx hazırlandı

Birinci və İkinci Qarabağ müharibələrində həlak olan jurnalistlərə həsr olunan “Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb.

Azerforum.com-un məlumatına görə, çarxda həlak olan media mənsublarının tam siyahısı öz əksini tapıb.

Layihəni “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi icra edib. Qeyd edilib ki, indiyə qədər heç bir media resursunda, KİV materialında siyahı bütünlükdə olmayıb.

Birliyin sədri, tanınmış telejurnalist, Baku TV-nin məsul redaktoru Günel Gözəlovanın sözlərinə görə, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi olaraq bu sahədə bir ilkə imza atıblar.

Videoçarxda 16 nəfər media mənsubunun adı yer alıb. Süjet xətti monoloq janrında çəkilən çarxın qəhrəmanı şəhid jurnalist Məhərrəm İbrahimovun oğlu 8 yaşlı Toğruldur.

“30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində canlarını fəda etmək uğrunda qələmini silaha çevirən, peşəsinin icrasını yarımçıq qoyub səngərdə vuruşan media mənsubları bu yolda canından keçiblər. Lakin onların bəzilərinin adı demək olar ki, heç yerdə çəkilmir. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi Qarabağ savaşında 16 media mənsubunun həlak olduğu faktını dəqiqləşdirib”- G.Gözəlova deyib.

Onun sözlərinə görə, əsas məqsəd bu videoçarx vasitəsilə ermənilərin media mənsublarına qarşı terrorunu bir daha gündəmə gətirməkdir. Eyni zamanda beynəlxalq aləmdə peşəsini icra edərkən toxunulmaz sayılan media nümayəndələrinə qarşı törədilən cinayət faktları və hələ də işini icra edəcək olan jurnalistlərin ermənilərin Azərbaycan torpaqlarında yerləşdirdikləri yeraltı ölüm - minalar sayəsində həyatlarının təhlükədə olması faktını vurğulamaqdır. Körpələrin valideynsiz, media subyektlərinin peşəkar əməkdaşsız qalması ermənilərin daha bir məqsədli terrorunun sübutudur.

Qeyd edək ki, “Şəhid imza” layihəsinin icrasına iyul ayının 1-dən start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Seçilən
288
45
azerforum.com

10Mənbələr