AZ

İqlim konfransı və beynəlxalq diplomatiya

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “COP29 beynəlxalq münasibətlərin inkişafı prosesində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Akademiyadan verilən məlumata görə, konfransda çıxış edən rektor akademik Urxan Ələkbərov bu gün yeni çağırışların, xüsusilə iqlim dəyişikliklərinin qlobal xarakter aldığını bildirib. Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim töhfə verdiyini vurğulayan akademik ölkəmizdə ətraf mühitin qorunması, yaşıllıqların bərpası, artırılması, təbii ehtiyatlardan, o cümlədən su ehtiyatlarından, eləcə də bərpaolunan enerji mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

U.Ələkbərov respublikamızda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirərək dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsinin siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də inkişafına töhfə verəcəyinə əminliyini qeyd edib.

Elmi konfransda bildirilib ki, dünyada mühüm önəm daşıyan məsələlərin müzakirə edildiyi və həll yollarının axtarıldığı qlobal platformalardan biri olan COP toplantılarının keçirildiyi bütün zamanlarda daim diqqət mərkəzində olub. Çünki bu tədbirlərdə beynəlxalq aləmi ciddi düşündürən, narahat edən kəskin iqlim dəyişmələri, temperaturun qlobal səviyyədə artmasının doğurduğu ciddi fəsadlar, ekstremal hadisələr və təbii fəlakətlərin nəticələri ətrafında geniş söhbətlər açılıb, insan sağlamlığı ilə əlaqədar problemlərin həlli yolları axtarılıb və bu istiqamətlərdə mühüm sənədlər imzalanıb.

Bakıda keçiriləcək COP29-un da bu baxımdan tarixi əhəmiyyət daşıyacağını vurğulayan çıxış edənlər ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində reallaşan COP28 tədbirində bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında müəyyən məsələlərlə bağlı yaranan fikir ayrılığının da Bakı toplantısında aradan qaldırılacağına, bununla bərabər iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, habelə istehlakı ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminliklərini vurğulayıblar.

 

Seçilən
13
xalqqazeti.az

1Mənbələr