AZ

ABŞ Moskvanı maye qazdan qazandığı gəlirdən məhrum etmək istəyir

ABŞ Moskvanı Ukraynaya qarşı müharibəyə vəsaitdən məhrum etmək üçün Rusiyanın mayeləşdirilmiş təbii qazının ixracı ilə bağlı sanksiyaları sərtləşdirməyə davam edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payett "Bloomberg”ə müsahibəsində deyib.

"Rusiya ilə münasibətlərdə məqsədimiz sadədir: onun neft və qaz ehtiyatlarından əldə etdiyi gəliri azaltmaq”, - Payett bildirib.

Keçən il ABŞ Rusiyanın yeni "Arktika LNG 2” ixrac zavoduna qarşı sanksiyalar tətbiq edib və daha sonra bu ilin avqustunda zavoddan yanacaq daşımasını həyata keçirən gəmilərə məhdudiyyətlər qoymağa başlayıb. ABŞ-ın cavab tədbirlərindən qorxduğundan heç bir qaz dolu tanker xarici limana daxil olmayıb. Bu da Vaşinqtonun Rusiyanın əmtəə ixracını cilovlamaqda nadir uğurudur.

Bununla belə, ABŞ Avropa və Asiyaya yük tədarükünü davam etdirən Yamal və ya Portovaya da daxil olmaqla Rusiyanın digər LNG zavodlarına sanksiya tətbiq etməkdən çəkinib. Bu obyektlərə qarşı tədbirlər, ehtimal ki, qlobal LNG tədarükünü məhdudlaşdıracaq və qiymətləri yüksəldəcək.

"Siyasətimiz işləyir. Gələcək sanksiyalarla bağlı spekulyasiya edə bilmərəm, lakin deyə bilərəm ki, biz sanksiyaya məruz qalan Rusiya yüklərinin hara getdiyini çox, çox yaxından izləyirik və Bayden administrasiyasının Rusiyanın LNG ixracına qarşı tədbirləri sərtləşdirməyə davam edəcəyinə əmin ola bilərsiniz”, deyə ABŞ rəsmisi vurğulayıb. 

Nizami Bağırov
Seçilən
21
qaynarinfo.az

1Mənbələr