AZ

""Qarabağ Azərbaycandır!" deyiriksə, orada Azərbaycan xalqı yaşamalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

""Böyük Qayıdış"ın müxtəlif məqsədləri var. Onun demoqrafik siyasətdən tutmuş, əmək bazarının doldurulmasından, iqtisadi artımdan tutmuş müxtəlif cəhətləri var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

O bildirib ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, burada strateji məqsəd var: "Çünki beynəlxalq hüquqda bu gün üçün torpaq parçası sadəcə torpaq olaraq əhəmiyyət kəsb etmir. Həm də onun üzərində yaşayan xalqla birlikdə əhəmiyyət kəsb edir. Dolayısı ilə biz "Qarabağ Azərbaycandır!" deyiriksə, orada Azərbaycan xalqı yaşamalıdır. Bu, bizim üçün məcburiyyətdir. Necə ki, ermənilər əslində işğal etdikləri Qarabağda yaşamırdılar. Ona görə də onlar legitimlik əldə edə bilmirdilər. Bizim belə bir öhdəliyimiz var ki, "Qarabağ Azərbaycandır!" dediyimiz əraziyə Azərbaycan xalqının yerləşməsini təmin edək. Həm də biz bununla onu göstəririk ki, biz oranın əsl sakinləriyik.

"Böyük Qayıdış" məsələsi ciddiyə alınmalıdır və əhalinin oraya geri qayıtması təmin edilməlidir. Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərin məqsədi həm də Azərbaycanın əldə etdiyi qələbəni digər ölkələrə de-fakto tanıtmaqdır. Məsələn, COP29 tədbiri keçiriləcək, oraya qatılacaq hər hansı dövlət başçısı Azərbaycanın addımını legitim hərəkət kimi qəbul edir. Bu qəbildən digər beynəlxalq tədbirlər də tez-tez ölkəmizdə keçirilir. Bu işin strateji və geosiyasi cəhətidir".

Onun sözlərinə görə, işin digər cəhətləri də var: "Qarabağda xeyli sayda məhsuldar torpaqlar var. Əhalinin oraya qayıtması, iqtisadiyyatın canlanması ilə ciddi dərəcədə ümumdaxili məhsulları artırırıq. Əhalinin məşğulluğunu artırırıq. Çünki yeni iş yerləri açılır, insanlar gedib orada işləyirlər. Ümumdaxili məhsulun həm də kənd təsərrüfatı hissəsini artırırıq, həm də xeyli turistik mərkəzlər olacaq. Bununla da xaricdən valyuta gəlişini təmin edəcəyik. Digər tərəfdən Bakı şəhərinin sıxlığının azaldılması həmişə dildədir. Onun bircə yolu digər regionların inkişafıdır. Bunun üçün də Qarabağ inkişaf üçün kifayət qədər yararlı və əlverişli bölgədir. Çünki torpaqları çox münbitdir, yerləşdiyi ərazi çox yaxşıdır, kifayət qədər yeni yollar tikildi. İnfrastruktur olaraq yollar çox vacibdir. Zəfər yolu tikildi, əvvəlki yollar da təmir olunur. Artıq Vətənimizdə işğalçı qalmayıb. Sülhməramlılar da gediblər. Bu infrastruktur daha da yaxşı inkişaf edəcək. Əhalinin qayıtması, məşğulluğun artırılması, ümumdaxili məhsulun artması, turizmin canlanması real, perspektiv şəkildə qarşımıza çıxır. Bunun üçün ora əhalinin qayıtmasına ehtiyac var. Çünki insanlar bir-biri üçün iş yeri yaradır. Füzulinin mərkəzində tikilmiş bir neçə bina, məktəb var, Füzulidən qaçqın düşən vətəndaşlar var. Bununla belə orada sosial, məişət, əyləncə, iaşə obyektləri olmalıdır. Bu, biznes deməkdir. Hal-hazırda ola bilsin ki, kimsə orada restoran açmaq istəmir. Fikirləşir ki, qoyacağı sərmayə ona sərf etmir. Amma əhali artdıqdan sonra sərmayəni də qoyacaq. Oradakı obyektlərin də, əhalinin də sayı bir-birinə mütənasib olaraq artacaq".

Müəllif: Söylü Ağazadə
Seçilən
104
50
sia.az

10Mənbələr