AZ

“Azərbaycan gücləndikcə öz milli, dövlət maraqlarını müdafiə etdikcə təxribatlar artacaq”- Millət vəkili

“COP-29 sammiti müstəqillik tarixində Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbirdir. Sammit çərçivəsində yer kürəsində baş verən qlobal istiləşmə, iqlim dəyişiklikləri, alternativ və bərpa olunan enerjiyə keçidlə bağlı çoxsaylı layihələrin icrasını nəzərdə tutan proqramların, qərarların qəbul olunması gözlənilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş gündəliyə uyğun olaraq COP29-la bağlı hazırlıq işləri başa çatmaq üzrədir:

“Mənim məlumatıma görə, artıq 100-dək dövlət və hökumət başçıları Bakıya gələcəklərini təsdiq ediblər. Şübhə yoxdur ki, ölkəmiz ən yüksək səviyyədə ali qonaqların, nümayəndə heyətlərinin qəbulunu və sammitin uğurla yekunlaşmasını təmin edəcək. Bu da təbii ki, Azərbaycanın növbəti uğuru, beynəlxalq nüfuzunun daha da artmasına səbəb olacaq. 44 günlük müharibə və ondan sonra əldə olunmuş nailiyyətlərdən sonra COP-29 kimi kütləvi tədbirin təşkili ölkəmizin bədxahlarında qısqanclıq hissi yenidən alovlandırır. Onlara güclü, müstəqil siyasət aparan Azərbaycan yox, zəif, kənardan idarə olunan Azərbaycan lazımdır. Əsas məsələ budur. Qeyd etməliyəm ki, bu, yeni bir hal deyil. Əvvəllər də hansısa beynəlxalq tədbirlərin keçirildiyi ərəfədə Azərbaycan əleyhinə təbliğatın gücləndirilməsinə şahidlik etmişik. Azərbaycan gücləndikcə öz milli, dövlət maraqlarını müdafiə etdikcə təxribatlar artacaq. İndiki halda, qlobal güclər COP-29 dan ölkəmizə qarşı sadəcə təzyiq vasitəsi kimi istifadə edirlər. Düşünürəm ki, bu, keçici haldır və nəticəsi olmayacaq. Cəmiyyətimizdə belə hallara qarşı kifayət qədər immunitet formalaşıb”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr