AZ

İçki bazarında dəyişiklik: Qiymət bahalaşacaq?

Azərbaycanda yeni bir qanun qəbul ediləcəyi gözlənilir.

Yeni qanun ölkəmizdə alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlıdır. Yeni təkliflər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Bəs yeni qanun alkoqollu içki bazarına necə təsir edəcək? Bu qanunla bazarda rəqabət imkanları aşağı düşə və kiçik sahibkarlar bundan əziyyət çəkə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, dünyanın az sayda ölkələrində belə bir qanun var və yeni qanun qəbul edilməsi bir sıra məqsəd daşıyır:

“Burada məqsəd alkoqol istifadəsinin azalması və ictimai sağlamlığın yaxşılaşdırılması, spirtli içkilərin istifadəsi ilə bağlı xəstəliklərin və sosial problemlərin qarşısının alınmasıdır. Lakin bu, iqtisadi olaraq inkişaf etməkdə olan ölkələr üçün xarakterik hal deyil. Çünki şərabçılıq, alkoqol bazarı böyük gəlir gətirən, eyni zamanda aqrar sektorun inkişafına birbaşa təkan verən sənayedir. Alkoqollu içkilər bazarında daha keyfiyyətli məhsulların olmasına isə müvafiq olaraq AQTA nəzarət edir. Saxta spirtli içkilərlə bağlı "İstehlakçıların hüququları haqqında" və "Qida təhlükəsizliyi haqqında" Qanuna uyğun olaraq nəzarət tədbirləri həyata keçirilir. Bildirim ki, indiki vəziyyətdə belə bir qanunun qəbul edilməsi keyfiyyətli məhsul hazırlayaraq bazara çıxmaq istəyən, ilk olaraq ucuz məhsullarla müştəri toplamağa çalışan kiçik və orta sahibkarların satış imkanlarını məhdudlaşdıra bilər. Çünki bazarda minimum qiymətlə artıq inhisarçı mövqeyini tutan iri istehsalçıların imkanları böyüyəcək. Kiçik və orta istehsalçılar isə sıradan çıxacaq”.

Ekspert sözügedən dünya dövlətlərindən misal çəkib:

“Məsələn, alkoqollu içkilərin pərakəndə satışında minimum qiymət siyasəti həyata keçirən dövlətlərdə bu hədd çox aşağı götürülüb. Şotlandiya 2018-ci ildən alkoqollu içkilər üçün minimum qiymət siyasətini tətbiq edir. Burada hər bir alkoqol vahidinə görə minimum qiymət müəyyən olunur. Məsələn, bir vahid (8 qram etanola bərabər olan miqdar) üçün müəyyən olunan minimum qiymət 50 pensdir. Hazırda 50 şotland pensi 1.05 AZN-dir. Minimum qiymət siyasəti tətbiq edən İrlandiya, Kanada, Avstraliyada alkoqollu içkilərin minimum satış qiyməti çox aşağıdır. Bununla belə, bir sıra ölkələrdə alkoqollu içkilərlə bağlı məhdudiyyətlər və minimum satış qiyməti tətbiq edilməklə sosial və sağlamlıq problemlərinin önlənilməsinə çalışılır. Rusiya alkoqollu içkilərin, xüsusilə də vodkanın minimum qiymətini müəyyən edən ilk ölkələrdən biridir. 2010-cu ildən etibarən bu siyasət tətbiq olunmağa başladı. Rusiyada alkoqol istifadəsi və alkoqolizm böyük sosial problemlər yaratdığı üçün bu addım atıldı. Litva isə 2020-ci ildə alkoqollu içkilər üçün minimum qiymət siyasətini tətbiq etməyə başlayıb.

Bu ölkədə də spirtli içkilərin həddindən artıq istifadəsi ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilir. Ukraynada da müəyyən kateqoriyalı alkoqollu içkilər üçün minimum qiymət tətbiq edilir. Bu, alkoqol istehlakını nəzarət altında saxlamaq və vergi gəlirlərini artırmaq məqsədini güdür. Polşa, Finlandiya da müəyyən alkoqollu içkilər üçün minimum qiymət tətbiq edir. Bu siyasət xüsusilə yerli və ucuz istehsal olunan içkilərin qiymətinin süni olaraq aşağı olmasının qarşısını almaq məqsədini güdür. Bu məsələ ilə bağlı İsveçdə daha sərt qərarlar qəbul olunub. Bu ölkədə spirtli içkilərin satışı dövlət nəzarətindədir və "Systembolaget" adlanan dövlət tərəfindən idarə olunan mağazalar vasitəsilə həyata keçirilir. Bu sistemdə də alkoqollu içkilərin minimum qiyməti müəyyən olunur”.

Seçilən
18
cebheinfo.az

1Mənbələr