“Çelsi”nin baş məşqçisi Entso Mareska London klubunun ingilis hücumçusu Ceydon Sanço haqda fikrini paylaşıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Ceydonun işləri qaydasındadır. Ona bu ruhda da davam etmək və hər gün səylə çalışmaq gərəkdir.
Dediyim kimi, o, bizə mütləq kömək edəcək. Biz onun xüsusi oyunçu olduğunu düşünürük.
Amma onun bunu sübut etməsinin yeganə yolu hər gün çox çalışmaq, heç vaxt xoşbəxt olmamaq və həmişə iddialı olmaqdır. O, getdikcə daha da çoxunu, daha da artığını istəməlidir”, deyə Entso Mareska tələbini açıqlayıb.
Xatırladaq ki, “Çelsi” Sançonu bu yay “Mançester Yunayted”dən mövsümün sonunadək icarəyə götürüb. İcarə ödənişsiz əsasda həyata keçirilib, amma “Çelsi” icarə müqaviləsinin sonunda – 2025-ci ilin iyun ayının sonunda Sançonu tamhüquqlu əsasda satın almağa mükəlləfdir.
Ceydon “zadəganlar”ın heyətində 6 oyuna çıxıb, 3 assist edib.
Vaxtilə, yetirməsi olduğu “Mançester Siti”nin uğurları üçün çalışmış Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Çıxışı müddətində Sanço “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.
Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.
Sanço 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.