AZ

Azərbaycanda süni yağış texnologiyası üzrə pilot layihə icra olunacaq - ELMİ ŞƏRH

Azərbaycanda

Bakı, 22 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC

Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihə icra olunacaq. Bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

Strategiyaya əsasən, 2024−2027-ci illərdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatların aparılması, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması təmin edilməlidir.

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov AZƏRTAC-a süni yağış texnologiyasının Azərbaycanda tətbiqinin əhəmiyyətindən danışıb: “Süni yağış texnologiyasından əsasən meşə yanğınlarının qarşısının alınması üçün istifadə olunur. Çünki bəzən insanların gücü və hətta təyyarələrin köməyi ilə meşə yanğınlarını söndürmək olmur, lakin oraya müəyyən miqdarda yağıntıların düşməsi meşə yanğınlarının qarşısını ala bilər. Bəzi ölkələrdə kənd təsərrüfatı məqsədləri üçün də süni yağış yağdırılması artıq aktuallaşıb. Bəs bunun fiziki mahiyyəti nədən ibarətdir? Bəzən biz görürük ki, havada buludlar, hətta qara buludlar var, amma yağıntı düşmür. Çünki buludda yağıntıların yaranması və düşməsi üçün bulud zərrəciklərinin ölçüləri müəyyən kritik həddən böyük olmalıdır. Halbuki buludda kristallaşma mərkəzləri olmadan bu, mümkün deyil. Yer səthindən fərqli olaraq, orta troposferdə təbii kristallaşma mərkəzləri, demək olar ki, olmur və su damcıları hətta mənfi temperaturlarda belə dona bilməyərək ifrat soyumuş vəziyyətdə qalır. Donma prosesi yalnız buludun yuxarı sərhədinin təxminən mənfi 20°C-yə uyğun hündürlükdən yuxarıya qalxdığı hallarda baş verir ki, bu da sinoptik şəraitdən asılı olaraq həmişə mümkün olmur və beləliklə də yağıntılar düşmür. Süni yağış yağdırmağın da əsas prinsipi ondan ibarətdir ki, buluda daha yuxarı temperaturlarda buz zərrəciklərini əmələ gətirə bilən xüsusi reagentlər göndərməklə, adi halda yağıntı verməyən aşağı buludlarda belə yağıntıların əmələ gəlməsini təmin etmək mümkün olsun. Bu məqsədlə adətən xırdalanmış quru buz kristallarından və gümüş-yod reagentindən istifadə olunur. Süni kristallaşdırma mərkəzlərini buluda çatdırmaq üçün əsasən yerüstü tüstüləmə generatorlarından, xüsusi təyyarələrdən və raket-artilleriya sistemlərindən istifadə olunur”.

İqlimşünas alim bildirib ki, Kür-Araz vadisi Azərbaycanın quraqlıq əraziləri hesab olunur. Bəzən yay aylarında dağətəyi ərazilərdə, hətta yağıntıların çox düşdüyü Lənkəran ərazisində də quraqlıq olur və bu, kənd təsərrüfatına müəyyən ziyanlar verə bilir. Bu halda süni yağıntılardan istifadə oluna bilər. Süni yağış texnologiyası üzrə pilot layihənin həyata keçirilməsi müsbət nəticələr verərsə, gələcəkdə ölkənin digər ərazilərinə tətbiq etmək mümkündür.

Seçilən
73
azertag.az

1Mənbələr