Bakı, 23 oktyabr, AZƏRTAC
İsrailin Yerusəlim İbrani Universitetinin (HUJI) əməkdaşı İlya Kublanov Bakı Dövlət Universitetində (BDU) olub. Onun səfərinin məqsədi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BDU və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında biotexnologiya ixtisaslaşması üzrə “Sinergetik proqramlar”ın həyata keçirilməsidir.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, İlya Kublanov BDU-nun rektoru Elçin Babayev ilə görüşüb və Biologiya fakültəsində tələbə, magistrant, doktorant və əməkdaşlar üçün 8 mühazirədən ibarət kurs keçib.
İlya Kublanovun “Mikrob metabolizmi: sonsuz variasiyalar” mövzusunda mühazirə və seminarlar kursu mikroorqanizmlərin müxtəlifliyi, onlar tərəfindən həyata keçirilən metabolik, əsasən də katabolik proseslər haqqında müasir təsəvvürlərə həsr olunub.
HUJI-nin əməkdaşı yüksək temperatur, yüksək və aşağı pH, yüksək duzluluq, təzyiq və digər ekstremal şəraitlərdə inkişaf edə bilən ekstremofil mikroorqanizmlərə həsr olunmuş mühazirə də deyib. Mühazirədə belə mikroorqanizmlərin yaşayış yerləri, eləcə də onların mövcud olmasına imkan yaradan sabitlik mexanizmlərinin nümunələri göstərilib.