1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib.
1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olub. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib.
Səxavətin yaratdığı "Qarabağ" instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Cəmi 38 il ömür sürən Səxavət Məmmədov keçmiş SSRİ və Avropa ölkələrində konsert verməklə təkcə Qarabağı deyil, həm muğamımızı, həm də Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.
Uşaqlıq və gənclik illərindən "Segah" muğamına bağlı olan sənətkarın, oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay bəri bax", "Uca dağlar", "Yar bizə qonaq gələcək", "Ay çiçək", "Sarı bülbül", "Sona bülbüllər" və s. Mərhum sənətkarın ən yaddaqalan ifalarından olan "Azad bir quşdum" mahnısıdır.
Bənzərsiz səsə malik xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.