“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında “Ayaks”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah – oktyabrın 24-də Bakıda üz-üzə gələcəklər.
Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək komandaların görüşünə saat 20:45-də start veriləcək.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla monteneqrolu legioneri Marko Yankoviç bu gün “Ayaks”la matçdan öncə baş tutan mətbuat konfransına qatılıblar. Təcrübəli mütəxəssis bunları söyləyib:
“Bizim üçün çox vacib oyundur. Tanınmış kluba qarşı oynayacağıq. Dünya futbolunda tanınan, hücum futbolu göstərən tarixi kluba qarşı mübarizə aparmalıyıq. “Ayaks”a baxıb, onların düşüncələrini icra edən klublar çoxdur. Bu cür klubun Bakıya gəlməsi bizim üçün üstünlükdür. Nəticədən asılı olmayaraq, bu, belədir. Pis hazırlaşmamışıq. Hazırlıq üçün vaxtımız vardı. Futbolçuların hazırlıq səviyyəsi pis deyil. Çox istəklidirlər. Sabah azarkeşlərimizin oyundan razı qalacağına inanıram. Bu, bizim üçün çox vacib, çox önəmlidir. Hər birinizi sevindirməyə çalışacağıq. Ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.
Təcrübəmiz çoxdur. Böyük klublarla səfərdə və Bakıda çox oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür. Böyümək istəyiriksə, bu cür klublara qarşı oynamaqdan, böyük məğlubiyyətlərdən çəkinməməliyik. Azərbaycan futbolunun və Avropanın öndə gedən ölkələrinin futbolunun gücünü dəyərləndirsək, çəkinəcək bir şeyimiz yoxdur.
“Ayaks” yaxşı komandadır, dinamik və ağıllı futbol oynayırlar. Oyunlarına baxıb, analiz etmişik. Biz onlara qarşı həm mübarizə aparacağıq, həm də bəzi şeyləri öyrənəcəyik. Öyrənmək üçün utanmırıq, çəkinmirik. Bu cür rəqiblərə qarşı möhkəm dayanmağı bacarmalıyıq. Bununla bərabər, sabah çalışacağıq ki, oyunumuzla, istəyimizlə, dinamika ilə azarkeşlərimizi razı salaq”.
“Onlara inamım böyükdür”
Baş məşqçi heyətdə iki əsas ciddi itki olduğunu bildirib:
“Marko Veşoviç və Mateus Silva bu oyunda iştirak etməyəcəklər. Müalicə alırlar. Futbolçularımın hamısının sağlam olması mənim üçün böyük üstünlükdür. Tapşırıqları yaxşı icra etmək üçün məşqlərdə bütün oyunçuların sağlamlığı çox önəmlidir. O zaman hər bir futbolçu oyunda nə etdiyini daha yaxşı anlayır. Bu cür böyük oyunlardan əvvəl məşqin keyfiyyəti yaxşı səviyyədə olur. İki gün vaxtım oldu ki, bütün oyunçularla yaxşı məşq edək. Əvvəlki matçlardan öncə isə 3-4 gündən bir oyuna çıxırdıq. Hər oyuna 8-9 futbolçu futbolçu ilə hazırlaşırdım. Milli dönəmdə də 9-10 əsas oyunçu olurdu”.
Qurbanov komandanın legioner qapıçıları Mateuş Koxalski ilə Fabiyan Buntiçin çıxışına da qiymət verib, onlardan narazı olmadığını söyləyib:
“Hər bir oyunçunun işinə məsuliyyətlə yanaşması mənim üçün daha önəmlidir. Hər iki qapıçının potensialı böyükdür. Hər ikisi də böyük məsuliyyətlə istənilən məşqdə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Ola bilər ki, əvvəlki oyunlarda komandaya tam uyğunlaşa bilməmişdilər, mental olaraq tam hazır deyildilər. Biri Portuqaliya, digəri Polşa çempionatında oynayıb. Ola bilər bəlkə orada məsuliyyət az olub. Azərbaycan çempionatı Polşa və Portuqaliya liqalarından aşağı ola bilər, amma bizim komandada iddialar, məsuliyyəti daha yüksəkdir. Hər iki qapıçıya güvənirəm. Bu gün olmasa da, sabah onların oyunları daha yaxşı olacaq, potensialları böyüyəcək. Narazı olası bir şey görmürəm. Özünüz də görəcəksiz ki, hər bir qolkiper özünü yaxşı göstərib, komandaya fayda verəcək. Şahruddinin qayıtması, sağlam olması, rəqabətin böyüməsinə fayda verəcək. Onlara inamım böyükdür”.
Qurban Qurbanov yeni transferlərdən olan Aleksey Kaşukun hazırlıq durumuna da toxunub:
“Hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz, oyunlardan uzaq qalmaq heç bir futbolçu üçün yaxşı hal deyil. Amma gündən-günə, oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Çempionat oyunlarında əsas heyətdə də meydana çıxdı, sonradan da. Lazım olduğu halda, ondan istifadə edəcəyik. Kaşukun texnikasına, futbol anlayışına “Ayaks”la oyunda da ehtiyacımız ola bilər”.
“Ayaks”a qalib gələ bilərik”
Marko Yankoviç isə “Ayaks”la matç barədə bunları dilə gətirib:
“Sabah bizi böyük futbol günü gözləyir. Böyük və tanınmış kluba qarşı oynayırıq. Motivasiyamız yüksəkdir. Sabah hədəfimiz yaxşı nəticə əldə etməkdir. Keçmişdə də böyük klublara qarşı oynamışıq. Futbolun gözəlliyi ondadır, hər şey baş verə bilir. Autsayder uda da bilər, favorit uduza da bilər. Keçmişdə göstərdiyimiz oyunlar onu göstərir ki, hər bir rəqibə qarşı oynaya bilərik. Sabah uda da bilərik, uduza da. Əsas odur ki, çıxıb özümüzü göstərək, nəticədən asılı olmayaraq, yaxşı oynayaq. Ümid edirəm ki, sabah nəticə də yaxşı olacaq”.
Yankoviç Avropa Liqasının yeni formatından da danışıb:
“Futbolçu kimi dəyişikliyi çox istəyirəm. Fərq ondadır ki, oyun sayı artıb. Bəlkə şans olacaq ki, böyük komandalara qarşı daha çox oynayaq. Hansısa böyük dəyişiklik hiss etmirəm”.