AZ

Rusiyadan mal-qara sahəsi üzrə idxal “bir”liyi: ət bahalaşa bilərmi?

Yerli istehsal tələbatı ödəmədiyindən idxaldan asılılıq azalmır

Bəzi ölkələrdən iribuynuzlu heyvan idxalı vasitəsilə ölkəmizdə həm də ətə olan tələbat ödənilir. Yerli istehsalatla yanaşı idxal prosesi ilə birlikdə bu sahədə bazar qiyməti müəyyənləşir. Amma son statistik məlumatlara əsasən, ölkəmizdə həm ət istehsalı, həm də iribuynuzlu heyvan idxalı azalıb. Misal olaraq, qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında diri çəkidə 429,0 min ton ət istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalının 1 faiz azalması deməkdir.

Eyni zamanda, bu ilin oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 7005,7 min baş qoyun və keçi, 2489,3 min baş iribuynuzlu mal-qara, ondan 1235,3 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,6 faizini inək və camışlar təşkil edir. İllər üzrə statistik göstəricilərə nəzər yetirdikdə isə 2021-ci ildən bu yana mal-qara idxalında azalmalar müşahidə olunur. Mütəxəssislər isə deyir ki, ətə olan tələbatı nəzərə alsaq, mal-qara istehsalının və idxalının azalması qiymətlərdə artıma gətirib çıxara bilər.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, idxal məsələlərində ən böyük problemlərdən biri inhisarçılıqdır. Onun sözlərinə görə, məhz bu səbəbdən ilk növbədə inhisarçılıqla mübarizədə ciddi və sərt addımların atılmasına ehtiyac var.

Ekspert deyir ki, bu gün kimisi iribuynuzlu, kimisi xırdabuynuzlu, kimisi ət, kartof və ya kərə yağı idxalını öz üzərinə götürüb. O, başqa sözlə, müxtəlif sahələr üzrə idxal prosesinin bölüşdürüldüyünü iddia edib: "Dəfələrlə qeyd etmişik ki, bu işlərlə məşğul olanlar oliqarx məmurlardır. Təbii ki, onlar özləri gedib gətirmir, özlərinə yaxın adamları bu işlərə cəlb edir və digər şəxsləri bu sahə ilə məşğul olmağa buraxmırlar. Əgər Rusiyadan diri heyvan gətirmək istəyən sahibkar danışıqlar aparsa, bunun nəticəsində idxal prosesində iştiraka nail ola bilər. Amma bununla belə, bu idxal prosesi onun üçün çox baha başa gələcək. Sonradan isə bu, sahibkarlar üçün maneəyə çevrilir və onları həvəsdən düşməyə məcbur edir".

Qeyd edək ki, yerli istehsalın zəif inkişaf etdirilməsi idxaldan asılılığı artırır. Hesablama Palatası yerli istehsalın bazası olan damazlıq heyvandarlığın lazımi səviyyədə inkişaf etdirilməməsini ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil hesab edir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin təkcə sentyabr ayında ət və ət məhsullarının qiyməti əvvəlki ayla müqayisədə 2 faizə yaxın artıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın mal-qara idxalında əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır. Bununla belə, ölkəmizin ən çox mal-qara idxal etdiyi ölkə Rusiyadır. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyadan 22,8 min baş iribuynuzlu mal-qara alaraq bu sahədə ən böyük idxalçı olub.

İddialara görə, Rusiyadan Azərbaycana iribuynuzlu mal-qara idxalı ilə məşğul olan şirkət təkcə "Aqrora" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İdxal prosesində bazara sahiblik edən bu şirkət Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, 2023-cü ildə qeydiyyata alınıb. 100 manat nizamnamə kapitalı ilə yaradılan "Aqrora"nın qanuni təmsilçisi isə Mustafayev Alim Ələkbər oğludur.

Seçilən
28
iqtisadiyyat.az

1Mənbələr