AZ

Ançelotti Bellingemin cari mövsümdəki qol susqunluğundan danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın ingilis hücumameylli yarımmüdafiəçisi Cud Bellingemin çıxışından söhbət açıb.

Arena.az AS dərgisinə istinadən italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Aydındır ki, Cud qol vurmaq istərdi, amma biz ondan çox razıyıq. O, bizim üçün sadəcə qol vurmaqdan daha da artığını icra edir, onun ümumi töhfəsi daha vacibdir. O, bizim üçün çox vacib bir oyunçudur.

Cud Bellingemin rolu hər oyunda dəyişirmi? Bir çox oyunlarda o, mövqeyini dəyişməyib, o, bunu son oyunda etdi (“Selta – “Real” (1:2) – redaktorun qeydi), belə ki, sağ yarıda onun daha çox məkan tapa biləcəyini düşünürdük.

Sol yarıda Mbappe və Vinisius var, ona görə də sağ yarıda o və Rodriqo çox təhlükəli ola bilərlər”, deyə Ançelotti bildirib.

Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi müqabilində 103 milyon avro məbləğində xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Cari mövsümdə isə Bellingem “Real” üçün 9 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
39
arena.az

1Mənbələr