AZ

Ançelotti Mbappeyə ən vacib tələbini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin çıxışından söhbət açıb.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdiim edir:

“Mən Mbappedən nə tələb edirəm? Qollar vurmağını. Bəli, onun təpki etməsindən çox, qollar vurmasını üstün tuturam. Bizim, son illər mərkəz hücumçusu ilə bağlı mövqeyimiz dəyişməyib. Mən Mbappedən Benzemadan istədiyim eynisini xahiş edirəm: hazır olmaq üçün yaxşı mövqe tutmaq, biz topu ələ keçirdikdə isə tez hərəkət etməyə çalışmaq”, deyə Ançelotti bildirib.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 8 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. O, 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
20
1
arena.az

2Mənbələr