AZ

Türkiyə kürd məsələsini həll edir? - mühüm gəlişmə

Siyasi şərhçi: “Bu addımlar PKK-nı birdəfəlik bitirə bilməsə də növbəti cəhdlərdə tamamilə aradan çıxara bilər”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı terrorçu PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutaraq, “onun təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” - deyə fikir səsləndirib. Baxçalı qrup toplantısında onu da deyib ki, Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, təşkilatın ləğv edildiyini bəyan etsin.

Politoloq Elxan Şahinoğlu məsələyə dair maraqlı açıqlama verib: "Bunu milliyətçilərin liderinin dilindən eşitmək təəccüblüdür, çünki türk milliyətçiləri illər uzunu PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar.

Elxan

Elxan Şahinoğlu

Fikrimcə, bu, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın planıdır. Baxçalı Ərdoğanın ortağıdır. Ərdoğan milliyətçi ortağının mövqeyini bilmədən Öcalanı sərbəst buraxaraq PKK-nın tərk-silah olunması prosesinə başlamazdı. Ona görə də Ərdoğan əvvəlcə Baxçalının mövqeyini öyrənib, razılaşma əldə etdikdən sonra bu mövzuda birinci onun danışmasını istəyib. Baxçalı Ərdoğanın işini asanlaşdırıb".

Politoloq sual edib ki, bəs Ərdoğan indi niyə PKK məsələsini tərk-silah yolu ilə həll etmək istəyir: “Türkiyə ordusu son illərdə PKK-ya dağıdıcı zərbələr vurub. Buna baxmayaraq, PKK Türkiyəyə qonşu olan dövlətlərdə varlığını qoruyur və bu terrorçulardan müxtəlif dövlətlər öz məqsədləri üçün Türkiyəyə qarşı istifadə edirlər. Ərdoğan bir dəfə "kürd açılımı" ilə problemi həll etməyə çalışdı, kürdlərə müxtəlif hüquqlar verildi, ancaq PKK silahı yerə qoymaq əvəzinə yenidən terrora başladı. Bu dəfə də belə olsa yenə alınmaya bilər. Öcalan terrorçu tərəfdarlarına “silahları yerə qoyun” çağırışı edərsə, əfv məsələsi gündəmə gələ bilər. Ancaq Öcalanın terrorçular arasında bu çağırışını eşidənlər olacağı kimi, terrora davam etmək istəyənlər də ola bilər. Bütün hallarda Türkiyənin terror problemindən qurtulmasına ehtiyac var, yaxın günlərdə qardaş dövlətdə maraqlı proseslərin şahidi olacağıq".

Türkiyə PKK problemini həll etməyə qərar vermiş kimi görünür. Bəs mexanizm necə ola bilər? Öcalanın buraxılması mümkündürmü?

Mübariz

Mübariz Göyüşlü 

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “PKK problemi Türkiyənin həll etməli olduğu və uzun illərdir ki, üzərində çalışdığı ən ciddi problemlərdən biridir, bəlkə də birincisidir. İstər sərt tədbirlər, istər yumşaq davranışlar problemin birdəfəlik, köklü şəkildə həllinə gətirib çıxarmadı. Düzdür, PKK xeyli zəifləyib, onun Türkiyə üçün yaratdığı problemlər illər əvvələ baxanda azalıb, amma tamamilə aradan qalxmayıb. PKK lideri Abdullah Öcalanın yaxalanması, Türkiyəyə gətirilməsi, həbsxanada saxlanılması təşkilata ciddi problemlər yaşatsa da, onu zəiflətsə də silahlı hücumlara, iğtişaş və terrora son qoymadı.

Bir müddət əvvəl Ərdoğan Türkiyəsinin siyasi-hərbi elitası problemin həlli üçün bir açılım, yumşaltma siyasəti həyata keçirdi. Təqdim edilən plana və açıqlanan fikirlərə görə, bu siyasət silahlı kürdlərin dağdan enməsinə, təslim olmasına, bütövlükdə PKK-nın məhvinə gətirib çıxarmalıydı. Etiraf edək ki, bu, çox çətin və cəsarətli plan idi. Çünki PKK-nın sıravi mənsubları təslim olmaq istəsə belə, onlara rəhbərlik edən qəddar liderlər idarə olunduqları xarici xüsusi xidmət orqanlarının tapşırığına əsasən bu prosesin qarşısını almaq üçün hər cür addım atmağa hazır idilər. İlkin dövrlərdə planın uğurla icra olunduğu görünməkdə idi. Lakin sonradan bu planın PKK problemini bitirəcəyini görən ABŞ, İsrail, Fransa, Almaniya və s. kimi xarici dövlətlər, xüsusi xidmət orqanları təşkilatın onlardan asılı olan liderlərini hərəkətə gətirərək daha radikal addımlara əl atmağa məcbur etdilər, gərginliyi artırdılar, silahlı hücumlara, terrora üstünlük verərək danışıqlara getməkdən imtina etdilər və proses yarıda qaldı".

Siyasi şərhçi əlavə edib ki, Türkiyə indi yenidən bir açılım təşəbbüsü ilə çıxış edir: “MHP lideri Dövlət Baxçalı Türkiyədə həm aparıcı bir siyasi qrupun lideri, həm də Ərdoğanın müttəfiqi kimi PKK lideri Abdullah Öcalanla bağlı ciddi müzakirələrə səbəb olan təklif səsləndirməklə hazırkı hakimiyyətin müəyyən addımlar atmaq fikrində olduğunu açıqlayıb. Türkiyənin terror problemini siyasi yolla həll etmək cəhdi təqdirolunandır. Çünki problemin hərbi müstəvidə həllinin davamı neçə-neçə hərbiçinin, mülki şəxsin həyatı bahasına başa gəlir, əlavə və lazımsız itkilərə səbəb olur. Lakin PKK artıq həlli çətin, bəzi məqamlarda isə mümkünsüz olan problemə çevrilib. Çünki PKK Öcalanın həbsindən sonra müəyyən qədər də onun nəzarətindən çıxmış və həm də siyasiləşməklə Türkiyə içində çox yerə yayılmış bir xərçəng xəstəliyinə dönüb. Terrorçubaşı liderin azad edilməsi, Türkiyə Böyük Millət Məclisində çıxış şəraiti yaradılması, onun tərəfindən silahın yerə qoyulması çağırışının edilməsi lazımi nəticəni verməyə bilər. PKK artıq müxtəlif liderlər tərəfindən, onların tabe olduğu xarici xüsusi xidmət orqanları vasitəsilə Türkiyə əleyhinə aktiv istifadə olunan bir təşkilata çevrilib. Əvvəldə adlarını qeyd etdiyimiz ölkələr bu problemin tamamilə bitməsi kimi bir qərar verərlərsə, o zaman biz PKK-nın yarandığı kimi də bitdiyinin, aradan çıxdığının şahidi ola bilərik. Bu durumda isə Öcalanın azad olunması və terrorçulara çağırış etməsi gözlənilən effekti verməyə bilər. Lakin PKK-nın silahlı gücünü əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Bu səbəbdən Öcalanın azad edilməsi, siyasi proseslərə qoşulması mümkün görünür. Hərgah bu, Türkiyə daxilində çox böyük narazılıqlar və gərginliklər yarada da bilər. PKK ötən illər ərzində çox qan töküb, çox böyük problemlər yaradıb. Lakin dövlət bu istiqamətdə qətiyyətli və cəsarətli qərarlar qəbul edərsə, terrorçubaşı azadlığa çıxa bilər.

Ümumən və bütövlükdə isə Türkiyənin problemin həlli üçün atdığı hər bir siyasi və hərbi addım müsbət qarşılanmalı və dəstəklənməlidir. Bu addımlar PKK-nı birdəfəlik bitirə bilməsə də, əhəmiyyətli dərəcədə zəiflədə və növbəti cəhdlərdə tamamilə aradan çıxara bilər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Seçilən
9
musavat.com

1Mənbələr