AZ

Dünya Bankı “Business Ready” hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlayır

Bu ilin sonundan etibarən, Dünya Bankının “Business Ready” hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlanacaq.

Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, bu proses çərçivəsində sahibkarlara, ekspert qruplarına və dövlət orqanlarına bir sıra sorğular göndəriləcək: “Məqsədimiz ondan ibarətdir ki, bu sorğulara sahibkarlar və ictimaiyyət tərəfindən düzgün və hərtərəfli məlumatlar verilsin”.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev isə bildirib ki, Azərbaycanın “Business Ready” hesabatına 2025-ci ilin sentyabrında daxil ediləcəyi gözlənilir.

O, Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatının metodologiyası və qarşıda duran prioritetlər barədə məlumat verib. Qeyd edib ki, hesabat dünya ölkələrində biznes mühitini özəl sektorun inkişafı kontekstində qiymətləndirir.

V. Şıxəliyev bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə əsaslandığını diqqətə çatdırıb.

Qeyd edək ki, yeni hesabat dayandırılmış “Doing Business” hesabatını əvəz edəcək və ilk buraxılışında 54 iqtisadiyyatı əhatə edəcək. “Business Ready” hesabatı, şirkətlərin fəaliyyətinin başlanması, davam etdirilməsi, bağlanması və ya yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazar rəqabəti, mübahisələrin həlli və müflisləşmə.

Seçilən
22
4
banker.az

5Mənbələr