AZ

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılışı baş tutub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə festivala həsr olunan videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. "STEAM Azərbaycan"ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-ın tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb.
Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov tədbir iştirakçılarına məlumat verib ki, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsifin iştirak etdiyini bildirib. İqrar Nəzərovun sözlərinə görə, festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da "Yaşıl təşəbbüslər", "Yaşıl kodlaşdırma", "Hidrogen maşınların yarışı", "Dron texnologiyaları", "Bizim peykimiz", "Robotların mübarizəsi", "Gələcəyin mühəndisləri" və s. kimi mövzuları əhatə edəcək.
İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur.
Çıxışlardan sonra festival iştirakçılarının hazırlıq mərhələsini əks etdirən video təqdim olunub.
Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı baş tutub.
Açılış mərasimi bədii hissə ilə yekunlaşdırılıb.
Qeyd edək ki, festival 24-25 oktyabr tarixlərində keçiriləcək.
İki gün davam edəcək festivalda iştirakçılar, həmçinin "COP29 Azərbaycan" Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak edəcəklər.
Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.
Daha çox foto burada: PhotoStock.Az
Aygün Mirakif
Seçilən
37
50
oxu.az

10Mənbələr